Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Şahmar Mövsümov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

RegionTV.info  xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov qaliblərə milli inkişaf prioritetlərindən və insan kapitalının əhəmiyyətindən bəhs edərək “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb. Daha sonra Şahmar Mövsümov Azərbaycanın inkişafı naminə görüləcək işlər üzrə qaliblərin təkliflərini qəbul edib və onların suallarını cavablandırıb.

Əlavə olaraq, Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini paylaşıb. Prezident köməkçisi növbəti görüşlərdə müzakirə edilməsi məqsədilə qaliblərə araşdırma əsasında tapşırıq verib. Son olaraq, qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Şahmar Mövsümov, onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam isə ötən ayın 20-sində imzalanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də