Nazirlər Kabineti “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nı təsdiqləyib.
RegionTV.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi sahəsində dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir.
Sənədə əsasən, xüsusi vəziyyətlər – “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən epidemiya əleyhinə rejimin, “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən xüsusi hüquqi rejimlərin, sanitariya-gigiyena və ya karantin rejimlərinin elan olunduğu vəziyyətlərdir.
Sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və xüsusi vəziyyətin mövcud olduğu ərazinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin etməlidirlər.