Ali Məhkəmədə Tərtərdə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kamil Bayramov və Leyla Mayılovanın (ad, soyadı şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
RegionTV.info-nun məlumatına görə, hakim Tahir Kazımovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərlə bağlı qərar elan olunub.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bayramov 5 il 6 ay müddətində azadlıqdan mərhum edilib. Qadının barəsində isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi hər iki şikayəti təmin etməyib.
İttihama görə, hadisə 2020-ci ilin yanvar ayında Tərtər rayonu ərazisində qeydə alınıb.
Belə ki, K.Bayramov L.Mayılova ilə qeyri-rəsmi olaraq birgə nikahda yaşayıb.
İstintaq materiallarında qeyd edilib ki, o, qadınla qabaqcadan əlbir olaraq cinayət əməlini törədib.
Bildirilib ki, 2020-ci ilin yanvar ayında K.Bayramov L.Mayılova ilə kirayədə yaşadıqları evdə qadınla onun tanışı M.M.-in intim xarakterli videogörüntüsünü çəkib. Daha sonra onlar görüntüləri zərərçəkmişin özünə nümayiş etdiriblər.
Hər iki şəxs həmin videogörüntünü M.M.-in yaxınlarına göstərəcəyi, eləcə də barəsində rüsvayedici məlumatlar yayacağı ilə bağlı ona hədə-qorxu gəliblər.
Onlar 2020-ci ilin təxminən yanvar ayının ortalarından iyun ayına qədər olan vaxt ərzində zərərçəkmişdən ümumilikdə 1470 manat nağd pulu hədə-qorxu yolu ilə ələ keçiriblər.
Daha sonra M.M.-in şikayəti əsasında saxlanılan K.Bayramovla L.Mayılova barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 1989-ci il təvəllüdlü K.Bayramov daha əvvəl - 2017-ci ildə Bakıda oğurluğa görə tutulub və 2 il məhkumluq həyatı yaşayıb.