Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, zəhərlənən şəxslər şəhid ailəsinin üzvləridir. Belə ki, kənd sakinləri - 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu, 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu və azyaşlıların nənə və babası zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bit dərmanı içərək zəhərləndikləri bildirilir. Azyaşlılar 44 günlük Vətən müharibəsində şəhid olan Əmrah Əliyevin övladlarıdır.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 4 nəfər 11.01.2023-cü il tarixində saat 01:00 radələrində yerləşdirilib:
“Onlara zəruri tibbi xidmətlər göstərilib və saat 03:10 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Bundan sonra da evə 3 dəfə təcili tibbi yardım göndərilib və vəziyyətləri nəzarətdə saxlanılıb. Hazırda səhhətləri ilə bağlı heç bir narahatlıq yoxdur”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Əmrah Ürfət oğlu Əliyev 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Əmrah Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.