Bakı metrosunun stansiyalarından birinin təmirə bağlanacağı barədə məlumat yayılıb.
RegionTV.info xəbər verir ki, söhbət metronun “Həzi Aslanov” stansiyasından gedir. İddialara görə, il ərzində “Həzi Aslanov” stansiyası da daxil olmaqla bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir.
İlk təmir işlərinin yaxın günlərdə qrunt suları axdığı üçün “Həzi Aslanov” stansiyasından başlanacağı deyilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiyaya qrunt sularının axması faktını təsdiq edib.
Qurum sözçüsü sorğumuza cavab olaraq bildirib ki, bayram günləri və həmin ərəfələrdə “Həzi Aslanov” stansiyası ilə ona bitişik tunelə yaxın məsafədən keçən kommunikasiya xətlərindən birində yaranmış nasazlıqla əlaqədar qeyd edilən sahələrdə axıntıların qarşısının alınması zərurəti yaranıb:
“Əlaqədar təşkilatlarla birlikdə problemin qarşısı vaxtında alınıb. Sərnişinlərin hərəkət təhlükəsizliyi və rahatlığı ilə bağlı problem yaranmayıb”.
O bildirib ki, planlı təmir işləri başlanmazdan əvvəl stansiyaların bağlanması və ya hər hansı məhdudiyyətlərin tətbiqi zərurəti yaranırsa, ictimaiyyətə əvvəlcədən məlumatlar verilir.