Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zeynəb Xanlarovanın axtarışda olan qohumu onun bağ evində gizlənir - iddia






Zərərçəkən: “Zeynəb Xanlarovadan da xahiş edirəm, əgər Daşqın Nəsirovun yerini bilirsə, ona desin ki...”

Türkan qəsəbəsində 2 ahıl qadının əmlakının saxtakarlıqla ələ keçirilməsinə rəhbərlikdə suçlanan Daşqın Nəsirovla bağlı yeni xəbər yayılıb. Sabiq deputat, məşhur müğənni Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirovun xalasının evlərindən birində polis təqibindən gizləndiyi bildirilir.

Bildirilir ki, Daşqın Nəsirov pandemiya ilə əlaqəli karantin postları qurulduğu üçün ölkədən çıxa bilmir. Onun başqa ad-soyadla ölkədən çıxacağı ehtimalı olsa da, hazırda sabiq deputatın Nardaran qəsəbəsində olan bağ evinə sığındığı iddia olunur. Qeyd olunur ki, Daşqın Nəsirov çətinə düşəndə ilk üz tutduğu ünvan xalasının evi olub.

Buna sübut kimi 2012-ci ildə Daşqın Nəsirov “Vinçestr” markalı tüfəngdən atəş açaraq qonşusu Fail Məmmədova ağır bədən xəsarəti yetirməsi və o zaman da Zeynəb Xanlarovanın evinə getməsi göstərilir.

Qeyd edək ki, 2012-ci ilin iyununda Daşqın Nəsirov Fail Məmmədova atəş açması faktına görə Xəzər Rayon Prokurorluğunda CM-in 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət  işi başlamışdı.

Daşqın Nəsirov həbs olunaraq ona ittiham irəli sürülmüşdü. Hələ o dövrdə Daşqın Nəsirovun Zeynəb Xanlarovaya arxalanaraq Türkanda hər cür qanunsuzluq etdiyi haqda xəbərlər mətbuat səhifələrinə çıxmışdı. O dövrdə “Yeni Müsavat” qəzetində “Deputatın qohumunun cinayətini başqası öz üzərinə götürür” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıdan sitat: “Fail Məmmədovun qardaşı Rəşid Məmmədov qanlı olayın Daşqın Nəsirov tərəfindən törədilməsini qəzetimizə açıqlamasında təsdiqləmişdi. Onun yaxın qohumu isə deyib ki, Daşqın Nəsirov Zeynəb Xanlarovaya arxalanıb Türkanda banditlik edir. Türkanda hara gedirsən, Daşqın deyir ki, o torpaq bizimdir. Bu adamlar silahla gəzirlər, baxan yox, ölçüsünü götürən yox. Vaxtilə qəzetlər yazdı ki, bunlar Türkanda silahlı gəzirlər, bu yazılanlara baxan olmadı. İndi də silah bu cür üzə çıxdı”.

Daşqın Nəsirov
2012-ci ilin avqustunda Daşqın Nəsirov artıq azad olunmuşdu. O dövrdə mətbuatda Daşqın Nəsirovun azad edilməsi Zeynəb Xanlarova ilə qohumluq əlaqələrindən qaynaqlanması müzakirə mövzusu idi. Sonradan Daşqın Nəsirovun adı müğənni Aygün Kazımova ilə qalmaqala görə yenidən mətbuatın gündəminə gəlmişdi. 2020-ci ilin əvvəlinə qədər Nəsirovdan xəbər yox idi. Birdən məlum oldu ki, Daşqın Nəsirov 2 ahıl qadın - Türkan qəsəbə sakinləri 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsində əsas rol oynayıb. Onunla bərabər Türkan qəsəbə sakini Rahil Babayev və Çingiz Səfərovun da bu cinayətdə adları hallanmağa başladı. Xumara Şabanova “Yeni Müsavat”a deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb.

Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb. Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Türkan qəsəbə nümayəndəsi Rahil Babayev və Çingiz Səfərov istintaqa dəvət edilərək həbs olunublar. Daşqın Nəsirov isə istintaqdan yayındığına görə barəsində həbsli axtarış elan olunub. Hazırda Daşqın Nəsirovun axtarışları davam etdirilir.

Əzizəxanım Atayeva “Yeni Müsavat”a deyib ki, istintaqdan onlara bildiriblər ki, tezliklə Daşqın Nəsirov da həbs ediləcək: “Biz ilk gündən dedik ki, torpağımızı özümüzə qaytarın və ya pulumuzu verin. Biz kimsənin həbsini istəmirdik. Amma bunun əvəzində bizi hədələdilər. Bizə 1 qara qəpik də verməyəcəklərini, kimə istəyiriksə, şikayət edə biləcəyimizi dedilər. Belə də etdik. Ona görə də daxili işlər naziri Vilayət Eyvazova da müraciət edirəm. Xahiş edirəm Daşqın Nəsirovu tapsınlar, soruşsunlar ki, məni niyə sağ ola-ola ürək tutumasından öldüyümü yazdırıb? Mən bundan sonra hələ uzun müddət də yaşayacağam. Zeynəb Xanlarovadan da xahiş edirəm, əgər Daşqın Nəsirovun yerini bilirsə, ona desin ki, bizim haqqımızı yeməsin, gəlsin cavab versin. Qaçıb gizlənməklə heç nəyə nail olmayacaqlar. Həmin torpaq sahəsini satdıqları adamlardan da xahiş edirəm, gedib Daşqından pullarını alsın, bizim torpağı özümüzə qaytarsın”.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.

Mövzuya qayıdacağıq.
(musavat.com)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də