Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Qeyd: "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Cinayət işində 33 zərərçəkmiş var.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.