Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident İlham Əliyev müstəqil Azərbaycanımızı bundan sonra daha böyük nailiyyətlərə və möhtəşəm qələbələrə aparacaq

Prezident İlham Əliyev müstəqil Azərbaycanımızı bundan sonra daha böyük nailiyyətlərə və möhtəşəm qələbələrə aparacaq





2003-cü il oktyabr ayının 15-də Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirərək İlham Əliyevi Ölkə Prezidenti seçməklə ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Bununla, Azərbaycanı işıqlı gələcəyə aparan yeganə siyasi kursa inamını və sadiqliyini nümayiş etdirən xalqımız bugünkü uğur və zəfərlərimizin əsasını daha da gücləndirdi. Bu tarixi seçimi ilə Azərbaycan xalqı sülhün, stabilliyin, inkişafın və quruculuğun tərəfində olduğunu bir daha təsdiqlədi və ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı ilk fərmanlardan biri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman olmuşdur. Danılmaz bir həqiqətdir ki, ötən 17 il ərzində ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanan ölkəyə çevrildi. Özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq ölkəmiz Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirdi, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Bu gün isə Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.

Təbii ki, bütün bu nailiyyətlərin fonunda Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasəti Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul edilməsini şərtləndirdi. Təkcə 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq etdi. Belə ki, ötən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşü, UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər birmənalı olaraq Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edir və bundan sonra da edəcəkdir.

Əlbəttə ki, bütün bu illər ərzində Azərbaycanın həllinə nail olmağa çalışdı ən mühüm problem ərazilərimizin 20%-ni əhatə etmiş erməni işğalına son qoymaqdan ibarət idi. Otuz ilə yaxın bir müddət ərzində davam edən bu işğal xalqımızın ən ağrılı problemi olmuşdur. Eyni zamanda da dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti, böyük məharətlə həyata keçirdiyi xarici diplomatiyası ilk növbədə məhz

bu problemin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Qısa müddət ərzində Silahlı Qüvvələrimiz tamamilə modernləşdirilmiş, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun əsl gücünü, yüksək döyüş qabiliyyətini isə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya müşahidə etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabr ayının 8-də Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra isə, şanlı döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.

Bu tarixi qələbə ilə Azərbaycan özünün xalq-iqtidar-ordu birliyi timsalında bütün dünyaya bir həmrəylik, birlik dərsi verdi. Hər kəs gördü ki, Azərbaycan xalqının öz Prezidentinə və ordusuna olan inamı, sevgisi, etimadı və dəstəyi qarşısıalınmaz bir gücün mənbəyidir.

Heç şübhəsiz, bu gün bütün Azərbaycan xalqı üçün ən önəmli tarixi günlərdən biridir. Hamımız bilirik ki, son 2-3 əsr ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi!

Səttar Möhbalıyev,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də