RegionTV.info
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.
BDYPİ verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edib.
Qeyd edilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.