Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çörəyə insan, donuz, qaz tükü qatılır

RegionTV.info

“Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib qara çörək hazırlayır. Əslində bu çörəklər qara undan deyil”.

 

Bu sözləri qida üzrə ekspert Asim Vəliyev “Space”də “Elin gözü” verilişində deyib.

 

O, çörəyə insan və əsasən donuz tükündən hazırlanan qatqıların vurulduğunu açıqlayıb: “İstər unun rəngini dəyişmək, istər çörəyin tez boyatlaşmasının qarşısını almaq üçün qatqılardan istifadə olunur. Bunu ekspertlər bilir. Həmin qatqılar tükdən əldə edilir. Əgər həmin maddə Çində istehsal olunubsa, o zaman insan tükündən alınıb. Avropada isə bu maddə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur. Bu da ağ çörəklə qidalananlarda ağır xəstəliklərə səbəb ola bilər”.

 

Qida üzrə ekspert “Yeni Müsavat”a dedi ki, həmin maddənin adı sisteindir: “Sistein adlı qatqı maddəsi hazırda qida, dərman və kosmetika sənayesində istifadə olunan maddədir. Bu qatqı maddəsi əldə olunma mənşəyinə görə heyvan və insan mənşəlidir. Un emalında istifadə edilir. Heyvan tükü (əsasən donuz tükündən istifadə edilir), toyuq tükü, insan saçından (əsasən Çindən idxal olunur) əldə edilir. Un və un məmulatlarının hazırlanmasında stabilizator kimi istifadə edilir. Xüsusilə dönər çörəklərində və dilimlənmiş çörəklərdə geniş istifadə edilir. Həmçinin qida sənayesində xəmiri yumşaltmaq, elastiklik qazandırmaq, boyatlamanı gecikdirmək üçün istifadə olunur”.

 

Onun sözlərinə görə, sitein maddəsinin böyrək daşının əmələ gəlmə riskini gücləndirdiyinə dair məlumatlar var: “Bu qatqı maddəsi nadir hallarda qida qablaşdırmasının üzərində yazılır. Ancaq qatqı maddəsi olaraq L-Sistein kodu E 910, E 920 və  E 921 olaraq qeyd olunur”.

 

Ekspertə görə, donuz tükündən alınan bu maddənin un və un məmulatlarının istehsalında xəbərdarlıq edilmədən istifadəsi dini inanc baxımından doğru deyil: “İslam insan bədəninin hər hansı hissəsinin qida olaraq istifadə olunmasına icazə vermir. Digər əldə olunan qaynaqlardan toyuq və ya ördəyin də halal kəsilməsi lazımdır ki, onun tükü də halal olsun. Çin insan saçından və donuz tükündən hidroliz yolu ilə sistein əldə edən ən böyük istehsalçıdır. Daha sonrakı yerləri Yaponiya və Almaniya tutur”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, belə maddələrin Azərbaycanda un və un məmulatlarının hazırlanmasında istifadə edilməsi haqda məlumata malik deyil: “Qida Təhlükəsizliyi Agentliyi mətbuatda qida və qidalara vurulan qatqılarla bağlı məlumatları təqib etməli və bu məsələlərlə bağlı ictimaiyyətə açıqlama verməlidir. Agentlik yanında İctimai Şuranın üzvü olaraq dəfələrlə bu məsələni qaldırmışam. Hər hansı bir istehsalçı qatqıdan istifadə edirsə, bu halda istehsal etdiyi un məmulatının üzərində bu haqda məlumat verməlidir ki, istehlakçı seçim edə bilsin”.

 

E.Hüseynov Azərbaycanda un istehsalçılarının bu qatqıdan istifadə edib-etməməsi haqda suala belə cavab verdi: “Un dəyirmanlarında unun tez xarab olmasının qarşısının alınması üçün qatqıdan istifadə olunur. Lakin həmin qatqının mənşəyi haqda məlumat mənə məlum deyil. Belə qatqılarla bağlı qeyri-şəffaflıq mövcuddur. Bilinmir ki, belə qatqılar hansı ölkədən gətirilir”.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin  Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının müdiri, professor Hasil Fətəliyev isə “Yeni Müsavat”a bildirdi ki, belə qatqıların çörəyə vurulması elmi baxımdan nəzərdə tutulmur: “Son vaxtlar bəzi işbazların belə addımlar atması ilə bağlı məlumatlar var. Qatqılar var ki, çörəyə funksionallıq verir. Bəzi insanlar var ki, vitamin çatışmamazlığından əziyyət çəkir. Belə insanlar üçün xüsusi çörəklər hazırlanır. Unun tərkibinin vitaminlərlə zəngin olması üçün müəyyən təbii vasitələr qatılır. Balqabaq tumu, vələmir, amarantdan  da funksionallığın artırılması üçün istifadə olunur. Amarantın vətəni Mərkəzi və Cənubi Amerikadır. Amarant uzun illər Amerikada və Meksikada paxlalı bitki hesab edilib. Asiya qitəsində amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və tərəvəz bitkisi kimi geniş yayılıb. Azərbaycanda isə XIX əsrin sonunda peyda olub və yemək üçün səbzəvatın hazırlanmasında geniş istifadə olunub. Amarant bitkisi mineral maddələrlə və qələvi duzlarla zəngin olduğundan, zülallı məhsullarla qidalandıqda əmələ gələn artıq turşuları neytrallaşdırır. Amarantın yaşıl kütləsi və dəninin tərkibində insan və heyvan orqanizminin fəaliyyəti üçün vacib olan protein, mineral maddələr və vitaminlər vardır. Qida dərmandır. Eyni zamanda qida zəhərə çevrilib öldürə də bilər. Son zamanlar qidanın dərman olması xüsusi önəm kəsb etməyə başlayıb. Sağlam qidalanma sağlam və uzun ömürə yol açır”.

 

Hasil Fətəliyev hesab edir ki, çörəyə haram qatılması yolverilməzdir: “Belə hallar varsa, araşdırılıb tədbir görülməlidir”.

 

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimovun münasibəti belə oldu: “Qida Təhlükəsizliyi Agentliyi olaraq, KİV-də qeyd olunan məlumatı qeyri-ciddi hesab edirik. İddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş edirik ki, Agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də