RegionTV.info
Qərbi Kaspi Universitetinin tələbəsi ödənişsiz əsaslarla daxil olduğu fakültədə 3 ay təhsil aldıqdan sonra ondan pul tələb olunduğunu idda edir.
Şikayətə görə, 2022-ci ildə Mənəfova Ləman Namiq qızı universitetin Biologiya fakültəsinə ödənişsiz əsaslarla daxil olub.
O burada 3 ay təhsil aldıqdan sonra, məlum olub ki, tələbə əslində ödənişli əsaslarla qəbul olubmuş.
Şikayətçinin sözlərinə görə, ailənin maddi imkanı aşağı olduğuna görə, təhsili dondurmalı olublar. Hətta, universitet ödənişlə bağlı müəyyən yardım göstərməyi də onlara təklif edib ki, təhsil yarımçıq qalmasın. Buna baxmayaraq ailənin maddi vəziyyəti yenə də tələbənin təhsil haqqını ödəməyə yetmir.
Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüqar Məmmədov bildirdi ki, ödənişsiz əsaslarla qəbul olan tələbədən daha sonra təhsil haqqı tələb edilməsi mümkün deyil. Burada başqa səbəblər var:
"Bunun səbəbi var. Dövlət İmtahan Mərkəzində qeydiyyatını birinci turda təsdiqləməyib. DİM ona güzəştə gedərək onu ikinci turda universitetə qəbul edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə müraciət etməlidir. Burada universitetlik bir şey yoxdur. Tələbə düşünür ki, birinci turda ödənişsiz əsaslı təhsilə qəbul olub. Ancaq elə olmayıb. Qeydiyyatı təsdiqləməyi gecikib deyə DİM onu ikinci turda qəbul edib. Bu səbəbdən təhsil ödənişli olub. Çox güman, tələbə məsələdən ondan ödəniş tələb edilən zaman xəbər tutub".