RegionTV.info
"Müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərin istismarında olan avtobuslarda payız-qış mövsümünə keçidlə bağlı müvafiq hazırlıq işlərinin görülməsi həmin şəxslər tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi” haqqında Sərəncamına uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquqi və fiziki şəxslərə Payız-qış mövsümünə keçidlə əlaqədar marşrutlar üzrə hərəkət edən avtobuslarda və avtoparklarda zəruri tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilib".
Bu sözləri BNA-nın sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirib.
Onun sözlərinə görə, xəbərdarlıq məktubunda sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün aşağıda sadalanan profilaktik tədbirlər həyata keçirilməsi göstərilib:
- İş planının qurulması (müəssisəsinin işçi heyətinin soyuq hava şəraitində işin vaxtında təşkil olunmasına istiqamətlənir);
- Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması;
- Avtoparklarda mövsümi dəyişikliklərlə əlaqədar müvafiq hazırlıqların görülməsi;
- Avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi;
- Avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması;
- Şinlərin mövsümə uyğun təchiz olunması (protektor naxışlarının qalmış hündürlüyü 2 mm-dən az olmamalıdır);
- Akkumulyator batareyalarında (AKB) nəzarət – məşqlərin keçirilməsi;
- Təkər zəncirlərinin hazırlanması;
- Alın şüşəsinin silgəclərinin yenilənməsi;
- Avtomobillərin istilik və daxili qızdırıcı sistemləri, dərman qutuları, odsöndürən balonları, yol alət dəstləri və dartqı avadanlıqları ilə təmin edilməsi;
- Avtonəqliyyat vasitələrində pəncərələrin, havalandırma yerlərinin (lyukların) və qapıların çərçivə ilə birləşən plastik araqatı (rezin) hissələrin davamlılığının təmin edilməsi;
- Avtobuslarda daxili temperaturun normal istilik dərəcəsindən aşağı olmaması;
- Maye səviyyəsinin (şüşə yuyucu, soyutma, əyləc və hidravlik sükan mayeləri) nəqliyyat vasitəsinin təlimatına uyğun dəyişdirilməsi;
- Payız-qış mövsümünə keçid ilə əlaqədar əyləclərin yoxlanılması (yolların qar və buzdan sürüşkən olma potensialına sahib olduğu üçün soyuq hava əyləc problemini artırır).
Eyni zamanda sürücülərə mütəmadi olaraq sürüşmə ehtimalı olan yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görülməsinin, həmçinin maarifləndirmə işləri aparılmasının zəruriliyi vurğulanıb.