Pandemiya dönəmində daha bir kütləvi işdənçıxarma və əmək hüqlarının kobud şəkildə pozulması hadisəsi baş verib.
Kanal32.az xəbər verir ki,“AZENCO “ ASC-nin 2 saylı Tikinti-Quraşdırma sahəsinin Tikinti bölməsində ən ağır işlərdə çalışan və əksəriyyəti Mingəçevir şəhərindən olan bir qrup şəxs heç bir hüquqi əsas gətirilmədən işdən azad olunub. Hətta, bir neçəsinin əmək haqları yarımçıq ödənilib, məzuniyyətləri verilməyib. Bir sözlə, əmək hüquqları kobud şəkildə pozulub. Onlar da əlacsız qaldıqlarından Birinci vitse-prezident Mehriban xanım Əliyeva və digər müvafiq qurumlara rəsmi müraciət ediblər.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Birinci vitse-preizdenti çox hörmətli Mehriban xanım Əliyevaya
“AZENCO“ ASC-nin 2 saylı Tikinti-Quraşdırma sahəsinin Tikinti bölməsində ixtisara salınaraq işdən çıxarılan əməkdaşları tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Mehriban xanım, bildiririk ki, biz-Sizə müraciət edənlər, “AZENCO “ ASC-nin 2 saylı Tikinti-Quraşdırma sahəsinin Tikinti bölməsində çilingər, betonçu və elektrik qaynaqçısı vəzifələrində işləmişik. Faəliyyətimiz dövründə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Hətta, bizi az qala istismar edərək istirahət günlərində də işlədiblər. Bunun müqabilində isə bizə əmək haqqı yazılmayıb. Ancaq bizim əmək hüquqlarımızın pozulması bununla yekunlaşmayıb. Belə ki, ölkəmizdə rəsmi qaydada elan olunmuş pandemiya vəziyyəti, eyni zamanda hərbi vəziyyət nəzərə alınmayıb və “AZENCO “ ASC bir neçə günlük fərqlə sentyabr ayında bizi kütəlvi şəkildə işdən azad edib. “Qara fəhlə” olduğumuza görə bizə yuxarıdan aşağı baxan ASC rəhbərliyinə etdiyimiz müraciətlər isə nəticəsizdir: “Sizi işlətmək imkanımız yoxdur. Qərarı biz veririk. Gedin əliniz hara uzundur,oraya qoyun, hara istəyirsiniz şikayət edin”. Əsasən dövlət sifarişlərin icra edən “AZENCO “ ASC-nin 2 saylı Tikinti-Quraşdırma sahəsinin Tikinti bölməsi maliyyə çatışmazlığını bəhanə edərək 2020-ci ilin yanvarından 2020-ci ilin sentyabr ayına kimi bizə ezamiyyət pulu ödəməyib, məzuniyyət pulumuzu isə 50 faizlə ödəyib. Son üç ayın maaşları da 50 faizlə hesablanıb. O cümlədən, Şükrov Faizl Əhməd oğluna, Allahverənov Fazil Aydın oğluna, Abuzərov Zahir Möhübbət oğluna, Musayev Rəşad Rəhman oğluna, Cəfərov Baloğlan Rafiq oğluna və Babayev Samir Afət oğluna 2016-cı ildən 2018-ci ilin sentyabrına kimi ezamiyyət pulu ödənilməyib. Üzləşdiyimiz qanun pozunutuları ilə bağlı acınacaqlı vəziyyət isə “AZENCO “ ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Faiq Ağayevin heç umurunda belə deyil. Şirkətin pulunun olmadığını deyir. Maraqlıdır, fasiləsiz olaraq dövlət sifarişlərini icra edən ASC layihələrə uyğun olaraq dövlətin ayırdığı vəsaitləri haraya xərcləyib? Yoxsa, Faiq Ağayev bu addımı ilə öz qanunsuz əməllərini dövlətin üzərinə qoymaq istəyir???
Hörmətli Mehriban xanım, biz hamımız maddi baxımdan çətin vəziyyətdə yaşayan ailələrik. Dolanışıq üçün göz dikdiyimiz yeganə gəlir yeri məhz sözügedən ASC-nin 2 saylı Tikinti-Quraşdırma sahəsi olub. Biz daimi yaşayış yerimizdən uzaq olan rayonlarda olduqca şəraitsiz və acınacaqlı vəziyyətdə işləmişik. Hüquqlarımız ayaqlar altına atılsa da, ailəmizə çörək aparmaq xatirinə dözmüşük. Amma, bütün bunlar dövlətimizə olan sevigimizi, inamımızı azaltmayıb.
Hörmətli Mehriban xanım, ona görə də Sizdən xahiş edirik ki, pandemiya dövründəki çətin yaşayış vəziyyətini, ailəmizin maddi sıxıntısını, himayəmizdə azyaşlı və xəstələrin olmasını, ən əsası bizə qarşı olan qanunsuzluğu və haqsızlığı nəzərə alaraq bizim daimi işlə təmin edilməmiz, eyni zamanda yarımçıq əmək haqlarımızın, ezamiyyət və məzuniyyət pullarımızın ödənilməsi üçün müvafiq qaydada göstəriş verəsiniz. Ümidimiz Sizədir…!
Öncədən dərin minnətdarlığımızı bildiririk!
İMZALAR:
1.Abuzərov Zahir Möhübbət oğlu -məcburi köçkün
2.Allahverənov Fazil Aydın oğlu-döyüşçü atası (artıq ŞƏHİD atası)
3.Şükürov Fazil Əhməd oğlu -Qarabağ qazisi
4.Əhmədov Zaur Muradəli oğlu -müharibə könüllüsü
5.Cəfərov Baloğlan Rafiq oğlu
6.Nadirov Xanlar Ələkbər oğlu
7.Şərifov Tural Yavər oğlu
8.Abdullayev Niyazi Rəhim oğlu
9.Babyev Samir Afət oğlu
10.Qafarov Zaur Həsən oğlu
11.Qədirov Ehtiram Mürşüd oğlu -müharibə könüllüsü
12.Musayev Rəşad Rəhman oğlu
13. Vahidov Fərrux İslam oğlu
Qeyd edək ki, “AZENCO”nun özbaşınalığının və qanunsuz əməllərinin qurbanı olan sözügedən işçilər 30 oktyabr 2020-ci il tarixdə 1-ci Vitse-prezidentlə yanaşı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərova və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Səbinə Əliyevaya da rəsmi müraciət ediblər. Ancaq iki aya yaxın vaxt keçsə də,nəinki nəticəsi olub, heç müraciətlərinə belə cavab verilməyib. Şikayətçilərin sözlərinə görə, dəfələrlə Prezident aparatının məktublar şöbəsinə, sorğu mərkəzinə zəng ediblər. Orada isə ya ötür-ötür oyunu oyanırlar.Gah deyirlər filan nömrəyə zəng edin, gah da deyirlər sizinin bura məktubunuz daxil olmayıb. Prezident aparatının məsul əməkdaşı, Mingəçevirinin “kurator”u Vəfədar Bağırova edilən zəng də nəticəsiz qalıb.Adminstrasiya rəsmisi deyib ki, bu məsələ mənlik deyil. Bir sözlə, “AZENCO”nun bu qanunsuz əməllərinə reaksiya verən və dur deyən yoxdur.
Göndərilən məktubların qəbzlərini təqdim edirik: