Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İnter az” kanalı ilə bağlı gizlinlər açıqlandı - ÇAĞIRIŞ

RegionTV.info

“Cəmiyyət “İnter az” kanalı kimi yayım orqanları ilə mübarizədə diqqətli olmalı, kanalın auditoriyasına çevrilməməlidir”.

 

Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

 

“İnter az”ın İranın Azərbaycan auditoriyasına ünvanlanan informasiya şəbəkəsində əsas media resursu olduğunu xatırladan ekspert əlavə edib ki, indiyə qədər müxtəlif media resursları, o cümlədən, sosial şəbəkə üzərindən platformalar yaradılıb, lakin heç biri həm uzunömürlülük, həm də geniş auditoriyaya hesablanması baxımından “İnter az” qədər olmayıb.

 

A.Nərimanlı bildirib ki, eyni media resursuna başqa bir xəbər agentliyi də daxildir və eyni adam tərəfindən idarə olunur.

 

Ekspert vurğulayıb ki, “İnter az”ın İrana bağlı digər media resurslarından əsas fərqi informasiya siyasətidir: “Bu media resursu digərləri qədər açıq və radikal mövqe sərgiləmir, molla rejiminin təbliğatını gündəlik xəbərlər arasında həyata keçirir. Telekanalın saytına nəzər yetirsəniz, bu təbliğatı ilk baxışdan hiss etmək çətindir, lakin bir qədər araşdıranda İran rejiminin mövqeyini əks etdirən informasiyalara üstünlük verildiyini, yaxud İran rejiminə qarşı məlumatların tirajlanmadığını görmək mümkündür. İndiyə qədər bağlı olduqları ölkənin maraqlarını məhz bu informasiya siyasəti əsasında təmin edə biliblər”.

 

Onun sözlərinə görə, kanal 2002-ci ildə Rusiyada təsis olunub, əsas ofisi Moskvadadır, Azərbayanda isə nümayəndəliyi fəaliyyət göstərir.

 

A.Nərimanlı bildirib ki, kanalın saytının xəbər siyasəti və 5 dildə - Azərbaycan, rus, türk, ərəb və fars – fəaliyyət göstərməsi uzunmüddətli olmasına hesablanmış layihə olduğunu deməyə əsas verir.

 

Ekspert söyləyib ki, kanalın təsis olunduğu dövr İranın Azərbaycandakı inanclı kəsimlə yanaşı, postsovet məkanında da azərbaycanlıları din adı altında ələ almağa başladığı illərə təsadüf edir: “İllər sonra Gürcüstanda və Rusiyadakı soydaşlarımız arasında İran rejimi tərəfindən ələ alınan kəsimin olduğu reallığı ilə qarşılaşdıq. “İnter az” bu istiqamətdə təbliğatı quran resurslardan biri olub. Kanalın yayımının Azərbaycan dili ilə yanaşı, rus dilində də həyata keçirilməsi təbliğatın Rusiya müsəlmanları arasında da aparılmasına hesablanıb. İstisna deyil ki, kanalın Rusiyada təsis edilməsinin səbəblərindən biri Azərbaycanda İran rejiminin təbliğatını apardıqları üçün bağlanmaq təhlükəsi olub. Eyni zamanda kanalın əsas təsisçisi də Rusiyada yaşayır”.

 

A.Nərimanlı qeyd edib ki, “İnter az” kanalının real təsisçisi, yəni maliyyələşdirən şəxs Hacı Mətləb Bağırovdur, daha doğrusu, İran rejimi tapşırıq və maliyyəni bu şəxs üzərindən ötürür. O bildirib ki, M.Bağırov çıxışlarında İran rejimini açıq şəkildə təbliğ edir: “O cümlədən, Qumda dini dərs dediyi haqda məlumatlar var. Rusiyadakı azərbaycanlıların İran rejimi tərəfindən ələ alınmasında, o cümlədən, soydaşlarımızın Qumda dini təhsil almasında rol oynayan şəxslərdəndir. Azərbaycanda onun media resursları ilə yanaşı, restoran biznesinin də olduğu haqda informasiyalar var”.

 

Burada İranın Azərbaycana qarşı istifadə etdiyi şəbəkənin mexanizminin də diqqət çəkdiyini deyən ekspertin sözlərinə görə, belə görünür ki, izi yayındırmaq üçün “İnter az” Rusiyada təsis olunub, təsisçi də orada yaşayır, İrandan verilən tapşırıqlar, o cümlədən, maliyyə Rusiyaya göndərilir, Azərbaycana da oradan daxil olur: “Hətta istisna etmirəm ki, Mətləb Bağırov, ümumiyyətlə onun rəhbərlik etdiyi şəbəkədən Azərbaycana daxil olan tapşırıq və maliyyə təkcə media resurslarına üçün yox, həm də İrana bağlı qruplara da ünvanlanır. Ümumilikdə bu media resursu və maliyyəçisinin İrana xidmət etdiyi sirr deyil, o baxımdan, məhdudlaşdırılması zərurəti var. Lakin indiki halda Azərbaycanın kanalın yayımına müdaxilə imkanı zəifdir. Çünki “İnterAz Tv” “Türksat” peyki üzərindən yayımlanır. 2015-ci ilin sonlarından başlayaraq, “Azərspace-1” üzərindən yayımlansa da, 2017-ci ildə yayım dayandırıldı. Bundan sonra yayım “Türksat”a keçirildi, kanalın baş ofisi də Rusiyadan Türkiyəyə daşındı. Bu məsələdə iş təkcə dövlətin üzərinə düşmür, həm də cəmiyyət diqqətli olmalı, kanalın auditoriyasına çevrilməməlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də