RegionTV.info
“Unun qiymətinin 8% ucuzlaşmasının çörəyin qiymətinə təsir edəcəyini düşünmürəm. Lakin çörəyin çəkisinin tənzimlənməsinə, keyfiyyətinin artmasına müsbət təsirləri olacaq. Çörəyin qiymətində əhəmiyyətli dəyişiklik müşahidə etməyəcəyik. Çünki dəyirmanlar məsələni belə əsaslandırırlar ki, ötən il rentabilli olmayıblar, ili sıfır gəlirlə başa vurublar. Yəqin ki, bu il bunu kompensasiya etmək fikirləri olacaq. Bu, qəbulediləndir. Çünki hər bir sahibkarlıq subyekti gəlirlə işləməlidir”.
Bu sözləri iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Ekspert xatırladıb ki, Azərbaycanda unun qiymətinin artması dünya bazarında taxılın qiymətinin artması ilə müşahidə olunmuşdu: “Dünya bazarında ötən ilin əvvəlində taxılın qiyməti 40%-ə yaxın artmışdı. Bu da ölkəmizə idxal olunan taxılın bahalaşmasına təsir etmiş, öz növbəsində unun bahalaşmasına gətirib çıxarmışdı. Bir müddət öncə dünyada taxılın qiyməti aşağı düşdü. Lakin bizdə taxıl, un aylar öncə tədarük edildiyindən ölkəyə taxıl hazırda yeni qiymətlərlə idxal olunmağa başlayıb. Bu da unun qiymətinin ucuzlaşmasına səbəb olub”.
Eyyub Kərimli qeyd edib ki, ölkədə çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir: “Düzdür, şirkətlər ötən il zərərli işləmişdilər. Amma çörəyin qiymətinin çox qalxmaması üçün dəyirmanlara, un zavodlarına dövlət böyük məbləğlərdə dotasiya ayırmışdı”.