Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə kişi illərlə arvadının xəyanət etməsinə dözdü və sonda... - Şok təfərrüat

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Sənan həyat yoldaşı Cəmiləni (adlar şərti verilib - red.) öldürüb.

RegionTV.info  bildirir ki, Sənan Cəmilənin birgə yaşadıqları müddətdə müxtəlif vaxtlarda onu tərk edib, valideyni ilə birlikdə yaşamasını ona xəyanət etməsi üçün özünə sərbəst şərait yaratması kimi qiymətləndirib.

O, Cəmilənin bu cür hərəkətləri nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən qorxub. Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün 4 iyun 2022-ci ildə Cəmilə ilə birgə yaşadıqları evdən bıçaq götürüb və evin zirzəmisində gözlədib.

Saat 15.25-də Sənan arvadını söhbət etmək üçün zirzəmiyə aparıb. Orada arvadına ayrı-ayrı kişilərlə ona xəyanət etdiyini deyib. Cəmilə isə iddialara etiraz etməyib. Sənan bunu xəyanətin təsdiqi kimi qəbul edib. O, zirzəmidə gizlətdiyi bıçağı götürərək arvadına 6 dəfə xəsarət yetirib. Qadın hadisə yerində ölüb.

"Münaqişələrimiz qısqanclıqla əlaqədar olub"

İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Cəmilə ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənib:

"2015-ci ildə bir övladımız oldu. Cəmilə ilə tanışlığımız 2011-ci ildə təsadüfən yaranmışdı və sevgi münasibəti əsasında evlənmişdik. Toydan bir ay sonrayadək hər şey yaxşı idi. Bir ay sonra münasibətlərimiz pisləşdi. Cəmilə ilə tez-tez münaqişələrimiz olur, o, anası və qardaşı ilə birlikdə onların yaşadığı mənzilə gedib, orada qalırdı. Münaqişə və mübahisələrimizin səbəbi qısqanclığımla əlaqədar idi".

"Birlikdə evə getdik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 4 iyun 2022-ci ildə Cəmiləni işlədiyi Ruhi-Əsəb və Psixonevroloji dispanserindən götürüb və birlikdə saat təxminən 15 radələrində evə gəliblər: "Cəmilə həmin günə qədər 10-15 gün müddətində təkrarən məndən küsərək anasıgilin yanına getmişdi. Buna görə iyunun 4-də onu iş yerindən götürdüm və öz evimizə gətirdim.

Həmin müddətdə Cəmilə anasıgildə olmasına baxmayaraq, oğlum mənimlə qalırdı.

Cəmiləni iş yerindən götürdükdən sonra taksilə yaşadığımız evə getdik".

"Səhv etmişəm, qələt etmişəm"

Sənan qeyd edib ki, həmin gün atası evdə olmayıb: "Anam isə oğlumla Şəmkir rayonunda yaşayan bacımgilə gedəcəyini bildiyim üçün evdə heç kimin olmayacağından əmin idim.

Cəmilə ilə evə gəldikdən bir müddət sonra anam, oğlum və bacım oğlu birlikdə Şəmkir rayonuna getmək üçün evdən çıxdılar. Evdə Cəmilə ilə məndən başqa heç kim qalmadı.

Anamgil getdikdən Cəmilə ilə söhbətə başladıq. Ondan mənə kimlərlə xəyanət etdiyini soruşdum. Cəmilə sualımdan məəttəl qaldı. Sualı ona təkrar-tərkar verdim. Cəmilə də "səhv etmişəm, qələt etmişəm" deyə cavablandırdı. Bu cavabdan sonra Cəmilənin mənə xəyanət etdiyini aşkara çıxarmağım qənaətinə gəldim".

"Törətdiyim əməli etiraf etdim"

Sənan qeyd edib ki, bundan sonra Cəmiləni evin zirzəmisinə çağırıb: "Zirzəmidə yenidən söhbət etdik. Əvvəlcədən qapının çərçivəsində saxladığım bıçaqla Cəmilənin qarın, döş qəfəsi nahiyəsinə 4-5 zərbə vurdum. Sonra zirzəmidən çölə çıxdım. Lakin ondan telefonunu almaq üçün geri qayıtdıqda qardaşına zəng etdiyini gördüm. Telefonu onun əlindən aldım və bayıra çıxdım. Cəmiləyə köməklik göstərmədim.

O, mənim arxasımca divardan tutaraq bayıra çıxdı, həyətdəki stulun yanına çatdıqda yerə yıxıldı. Bıçağı evin giriş pilləkənlərinin üzərinə qoydum. Daha sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng elədim, törətdiyim əməli etiraf etdim".

"Polis şöbəsinə getdim"

Sənan bildirib ki, atasına da zəng edib və arvadını bıçaqladığını xəbər verib: "Atam tez evə gəldi. Az sonra Cəmilənin qardaşı və xalası oğlu da bizə gəldilər, Cəmiləni xəstəxanaya apardılar. Mən polis əməkdaşlarının gəldiyini gördüm, onlarla birlikdə getmək üçün evdən bayıra çıxdım".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, arvadı Cəmiləni öldürməsinin səbəbi ona xəyanət etməsi olub: "O mənimlə birlikdə yaşamaq istəmirdi. Tez-tez anasıgilə gedir, məndən uzun müddət ayrı qalırdı. Hətta bir dəfə arvadımın məndən xəbərsiz mobil telefon işlətdiyini bilmişəm, bu barədə onun anasına da demişəm".

"Xəyanətlərinə dözə bilmədim"

Təqsirləndirilən şəxs deyib ki, əvvəllər Cəmilənin anasıgillə qonşuluqda yaşayan Tural adlı şəxslə Feysbukda danışdıqlarını aşkarlayıb, bu barədə onun anasına da məlumat verib: "Mən neçə il Cəmilənin xəyanətlərinə dözmüşdüm ki, uşağımız var, ayrılmayaq. Sonda xəyanətlərə dözə bilmədim".

Təqsirləndirilən şəxs ibtidai istintaqa arvadı Cəmilənin Rüfət adlı şəxslə də sevgi münasibətlərinin olduğunu bildirsə də, məhkəmədə bunu təsdiq etməyib.

Məhkəmənin sonrakı iclaslarında o, ifadəsinə əlavələr etmək istəyib. O, deyəcəyi sözlərin şəxsi və ailə sirrini ehtiva edən məlumatlar olduğunu, ona görə də məhkəmə iclasının həmin hissəsinin qapalı keçirilməsi barədə vəsatət verib.

Vəsatəti təmin olunduqdan sonra təqsirləndirilən şəxs əlavə ifadəsində bildirib ki, evlənməmişdən əvvəl Cəmilənin Rüfət adlı şəxslə də sevgi münasibətləri olub. Qeyd edib ki, onlar birlikdə eyni məhlədə böyüyüb, Rüfət həbsdən azadlığa buraxıldıqdan sonra Cəmilənin Rüfətlə münasibətlərini davam etdirmələrindən şübhələnib.

"Peşmanam"

Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərib ki, arvadı Cəmiləni öldürmək məqsədi olmayıb:

"Mətbəxdən götürdüyüm bıçağı evin zirzəməsində otağın giriş qapısının çərçivəsində gizlətməkdə məqsədim Cəmiləni qorxutmaq olub. Lakin zirzəmidə mübahisə etdiyimiz vaxt Cəmilədən mənə kimlərlə xəyanət etdiyini soruşarkən, "səhv etmişəm" dedikdə özümü saxlaya bilmədim. Buna görə onu öldürdüm. Törətdiyim əməlindən peşmanam".

"Məqsədim öldürmək olub"

Sənan ibtidai istintaq zamanı bıçağı zirzəmidə gizlətməsi barədə fərqli danışıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub.

Sənan istintaqa verdiyi ifadəsində göstərib ki, zirzəmidə əvvəlcədən planlaşdırdığı kimi bıçağı orada kənara qoyub və məqsədi Cəmiləni öldürmək olub: "Sonra isə bıçağı qoyduğum yerdən götürdüm və Cəmilənin qarın və döş qəfəsi nahiyələrinə 4-5 zərbə vurmağa başladım".

Təqsirləndirilən şəxs həmin dindirmə zamanı suallara cavab verərkən göstərib ki, Cəmiləni əvvəlcədən öldürməyi planlaşdırıb.

Cinayət işi üzrə zərərçəkmiş Cəmilənin hüquqi varisi olan anasının sözlərinə görə, qızı Sənanla evləndikdən qısa müddət sonra həmişə onların ailə daxili söz-söhbətləri olub: "Mübahisələrinin səbəbi isə Sənanın əsassız olaraq söz-söhbət yaratması idi. Qızım ona xəyanət etməyib, ailədən kənar kimləsə hər hansı münasibəti olmayıb. O, əriylə küsülü olanda bizimlə birlikdə qalırdı. Sənan bir dəfə qızımın xəlvət işlətdiyi telefonunun olduğunu mənə bildirsə də, mən bunun şahidi olmamışam".

Sənan 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də