Bu gün həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı vəsatətə baxılıb.
Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti Xətai rayon Məhkəməsi araşdırıb.
Prosesə hakim Sülhanə Hacıyeva sədrlik edib.
Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmayaraq, onu həbsdə saxlayıb.
Qeyd edək ki, dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətiimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda tənqidi çıxışlarına görə təqib olunduğunu bildirib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib.