Azərbaycan Dövlət Televiziyasının (AzTV) nəzdində fəaliyyət göstərən Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq Xorunun bağlandığı barədə məlumat yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.
Qurumdan “Bənövşə” Uşaq Xorunun bağlanmasına dair sorğumuza aşağıdakı cavabı veriblər:
“Bu haqda onu demək olar ki, AzTV-nin yeni strukturuna əsasən, yanvarda dəyişikliklər olacaq və biz yeni sistem əsasında işləməyə başlayacağıq. Eləcə də musiqi kollektivləri Mədəniyyət Nazirliyinin nəzdinə keçiriləcək”.
Xatırladaq ki, “Bənövşə” Uşaq Xoru 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində məşhur bəstəkar Əfsər Cavanşirov tərəfindən yaradılıb. Uşaq Xorunun ilk bədii rəhbəri də elə Ə.Cavanşirov olub.
Uzun illər Əfsər Cavanşirovun rəhbəri olduğu bu xor kollektivində bir neçə nəsil formalaşıb. Azərbaycan dinləyicilərinin böyük məhəbbətini qazanmış “Bənövşə” Uşaq Xorunda müxtəlif illərdə Xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Firuzə İbadova, Azərin, Zülfiyyə Xanbabayeva kimi neçə-neçə sənətçi yetişib.
Ə.Cavanşirov 1982-ci ildə respublikanın Əməkdar Mədəniyyət İşçisi və "Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb.
Bir çox bəstəkarların da mahnıları ilk dəfə məhz "Bənövşə” Uşaq Xorunun ifasında səslənib.
Bəstəkar Əfsər Cavanşirov 2006-cl ildə vəfat edib.
Hazırda "Bənövşə” Uşaq Xorunun bəddi rəhbəri Zülfiyyə İbrahimovadır.