Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş mayor Malik Əliyevin anası Məleykə xanım Əliyeva ilə görüşüb.
Şəhid anasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində parlaq qələbəsi münasibəti ilə təbrik edən Komitə sədri, “Vətən Müharibəsində tarixi zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid analarısız” deyib.
Q.Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr tarixli Sərəncamla Malik Əliyevin yüksək dövlət təltifi olan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülməsini qürurverici hadisə adlandırıb: “Oğlunuz bir gündə iki təltifə layiq görülüb. O, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq, rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə təltif edilib. Malik Əliyev kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Ruhu şad olsun”!
Şəhid anası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona tarixi zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.
Məleykə xanım Əliyeva səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.