Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər. Ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunan qəhrəmanlarımızın həyat yoldaşları Prezidentə ünvanladıqları təbrikdə xoş arzularını dilə gətiriblər.
Aprel şəhidi polkovnik Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova Prezident İlham Əliyevə yeni zəfərlər və müvəffəqiyyətlər arzu etdiyini söyləyib:
“Bu gün cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Şəhid ailələri, şəhid xanımları onu Zəfərin komandanı kimi təbrik etmək istəyir. Arzu edirik ki, Prezidentin Qarabağla bağlı planları çin olsun. Qoy, bütün hədəflərinə, məqsədlərinə çatsın. Onu xalqımızla, Ordumuzla birlikdə zirvələrdə görək. Xalqımız cənab Prezidentlə birlikdə ən çətin olan işi bacardı, Qarabağımız azad olundu. İndi Şuşada Azərbaycan bayrağı dalğalanır. Qarabağla bağlı digər məsələlər də inşallah tez vaxtda öz həllini tapar. Şəhid ailələri olaraq Prezidentimizə daim zəfər və müvəffəqiyyətlər arzu edirik”.
Vətən Müharibəsi şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Surfanə Hüseynli təbriklərə qoşularaq deyib:
“Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi öz adımdan, şəhid ailələri adından doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram. Prezidentimizin uğurlu siyasəti və ordumuzun döyüş əzmi 30 illik Qarabağ torpağının düşmən tapdağından azad olması ilə nəticələndi. İctimai-siyasi həyatın bütün sahələrində uğurların qazanılmasında, habelə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Prezidentimizin rolu əvəzsizdir.
Cənab İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində uğurla addımlayır. Şəhid ailələrinin və həssas təbəqənin nümayəndələrinin problemlerinə diqqətlə və həssaslıqla yanaşdığına görə Prezidentə və birinci xanıma minnətdarlığımı bildirirəm”
Vətən Müharibəsi şəhidi Adil İbrahimlinin xanımı Nargül İbrahimli doğum günü münasibətilə Prezidentə uzun ömür, cansağlığı arzulayıb:
“Allah cənab Prezidentimizə sağlam və uzun ömür nəsib etsin. Bu çətin və məsuliyyətli işində Allah yar və yardımçısı olsun. Hər il olduğu kimi gələn il də ölkəmizi ən gözəl şəkildə irəli aparsın. Xalq daim onun arxasında olsun”.
Şəhid Zaur Ələsgərlinin yoldaşı Vəfa Ələsgərli: "Mən şəhid xanımı kimi cənab Ali Baş Komandanımızı səmimi qəlbdən təbrik edirəm. Ona sağlam ömür, cansağlığı arzu edirəm. Cənab Prezident Azərbaycan xalqının ən böyük arzusunu çin edərək, Qarabağı düşmən əsarətindən azad etdi. Bu, böyük qələbədir. Arzu edirəm ki, daim qələbələr bizimlə olsun. İnanıram ki, Prezident İlham Əliyev bundan sonra da yeni-yeni uğurlarla bizi sevindirəcək".