Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində məhkəmənin 2022-ci ilin ikinci yarımilinə dair iş planına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin birinci yarımilində baxılmış işlər üzrə mülki və mülki prosessual, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə həmin məhkəmənin sədrinin məlumatının Rəyasət Heyəti tərəfindən dinlənilməsi ilə əlaqədar iclas keçirilmişdir.
RegionTV.info xəbər verir ki, məhkəmənin sədri Mübariz Əkbərov qeyd etmişdir ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bir çox tələblərlə bərabər, həm də məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasınının təmin edilməsi nəzərə tutulmuşdur.
Sədr diqqətə çatdırmışdır ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin məlumatlarının apellyasiya məhkəməsinin Rəyasət Heyəti tərəfindən dinlənilməsi nəzərdə tutulmuş, bu kimi dinlənilmənin vаcibliyini vurğulаmış və ədalət mühakiməsinin səmərələliyinin atrırılması baxımından əhəmiyyətindən bəhs etmişdir.
İclasda çıxış edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev 2022-ci ilin birinci yarımilliyində mülki və mülki-prosessual, eləcə də cinayət və cinayət-prosessual qanuverciliyə uyğun olaraq baxılmış işlər üzrə statistik məlumatları təqdim etmiş, həmin işlər üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının apellyasiya və kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi səbəblərinin məhkəmədə mütəmadi olaraq təhlil və müzakirə olunduğunu, işlərə baxılarkən yuxarı instansiya məhkəmələrinin tövsiyələrinin daim diqqətdə saxlanıldığını və onlara əməl edildiyini bildirmişdir.
Daha sonra sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şeyda Məhərrəmova Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış mülki işlər üzrə ümumilikdə qanunvericiliyin tələblərinə, o cümlədən maddi və prosessual qanunvericiliyin müddəalarına əsasən riayət edildiyini, lakin bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi zamanı hakimlər tərəfindən müəyyən diqqətsizliyə yol verildiyini bildirmişdir.
Bundan əlavə, Şeyda Məhərrəmova qeyd etmişdir ki, hakimlər tərəfindən mülki və mülki-prosessual qanunvericiliyə müvafiq olaraq baxılmış işlər üzrə işin hallarının tam və hərtərəfli araşdırılmaması və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktının çıxarılması, məhkəmə iclaslarının üzrlü səbəblər göstərilmədən uzun müddətlərə təxirə salınması halları müəyyən olunmuşdur. Çıxışı zamanı Şeyda Məhərrəmova konkret misallara istinad etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov çıxışında Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış cinayət və inzibati xətalara dair işlər, eləcə də prosessual məcburiyyət tədbirləri və digər işlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən əməl edildiyini, lakin bəzi hallrda müəyyən xarakterik nöqsanlara yol verildiyini, yəni işin hallarının natamam araşdırıldığını, məhkəmə proseslərində tərəflərin iştiraklarının təmin edilməməsini, verilmiş vəsatətlərin lazımi qaydada müzakirə olunmamasını qeyd edilmişdir.
Bundan başqa, qanunvericiliyə əsasən inzibati tənbeh tətbiq edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməməsi səbəbindən icraata xitam verilməsi, inzibati xətalara dair işlərə vaxtında baxılmaması və digər prosessual hərəkətlərin vaxtında yerinə yetirilməməsi hallarına da yol verildiyi diqqətə çatdırılmışdır.
Sədr Mübariz Əkbərov iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu vürğulamış, dinləmənin nəticələrinin və iclasda səslənən tövsiyələrin hakimlərin diqqətinə çatdırılmasını Yasamal Rayon Məhkəməsini sədri İslam Əliyevdən xahiş etmiş və hakimlərə fəaliyyətlərində uğurlar arzulamışdır.