Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Murad Dadaşovun 44 yaşı tamam olur

Bu gün Xalq artisti, tanınmış teleaparıcı, "M Group Production" şirkətinin və Xəzər TV-nin prezidenti Murad Dadaşovun 44 yaşı tamam olur.

RegionTV.info   xəbər verir ki, Murad Dadaşov 1978-ci il dekabrın 21-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı fortepiano müəllimidir. Murad Dadaşov 1985-1995-ci illərdə Bakıda 160 saylı orta məktəbdə təhsil alıb.

"20-ci əsrin çempionları" titulunun sahiblərindən biri olan Dadaşovun “Bakılı oğlanlar” ŞHK ilə tanışlığı məktəb illərindən başlayıb.

O, 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə “Bakılı oğlanlar” komandası “20-ci əsrin çempionları” tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.

O, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində oxuyub, ixtisasca psixoloqdur. Universitetdə təhsil aldığı müddətdə Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində də çalışıb. 

90-cı illərin ortalarından etibarən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb. Burada “Bakılı oğlanlar” ŞHK-nın digər üzvü Cabir İmanov ilə bərabər “Bir cənub şəhərində” adlı layihə hazırlayıb.

90-cı illərin sonlarında isə "Space" televiziyasında “Road Master” adlı layihənin aparıcısı olub. 2002-ci ilin yanvar-oktyabr aylarında "ANS" Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsində çalışıb.

Həmin dövrdə kanalda yayımlanan “Yeriniz Məlum” adlı gündəlik şou proqramın həm müəllifi, həm də aparıcısı olub.

2003-cü ilin fevralında sahibi olduğu MGP (M Group Production) şirkətini yaradıb. 

Elə həmin ildə "Lider" televiziyasında MGP (M Group Production) şirkətinin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildə isə həmin telekanalda “Maşın” realiti şousunun aparıcısı olub.

2008-2010-cu illərdə "Lider" kanalında Baş prodüser vəzifəsini icra edib. 2010-cu ildən bu günə qədər MGP (M Group Production) şirkətinin Prezidentidir.

Murad Dadaşov 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri olub. 

O, 2004-2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında “Yeni Ulduz” musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən “Beş ulduz. İntervidenie 2008” (Пять звезд. Интервидение 2008) mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada “Böyük Səhnə” vokal şousu və 2015-ci il Azad Azərbaycan ( ATV) telekanalında yayımlanan “Özünü Tanıt”( Got Talent) istedad müsabiqəsinin münsiflər heyyəti qismində çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli sərəncamına əsasən “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Murad Dadaşov Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir. Murad Dadaşov ölkənin ictimai-siysai, mədəni həyatında da yaxından iştirak edir. O, 2020-ci ildən Xəzər TV-nin prezidentidir. Murad Dadaşov 2001-ci ildə Aytən Əliyeva ilə ailə həyatı qurub. Aytən xanım ixtisasca şərqşünasdır. Cütlüyün Kamal, Əli, Ziya adlı üç övladı var.

Murad Dadaşovu doğum günü münasibəti ilə təbrik edirik!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də