Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
RegionTV.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və şahidlər dindirilir.
Cinayət işi üzrə şahid qismində ifadə verən Mais Dostiyev bildirib ki, 2022-ci ilin yanvarın əvvəllərində avtomobil almaq qərarına gəlib: “Bu səbəbdən internet səhifələrində yerləşdirilmiş elanlara baxdım. 1989-cu il buraxılışlı “VAZ-2107” markalı avtomobil tapdım. Elan sahibi ilə Yasamal rayonu ərazisində görüşdük. Avtomobilə baxdım, almaq barədə söhbət apardıq. 2500 manat məbləğinə həmin avtomobilin alınmasına dair razlıq əldə etdik. Avtomobili öz adıma rəsmiləşdirdim. Notariat qaydada təqdiq edilmiş etibarnamə ilə aldığım həmin avtomobili 15-20 gün müddətində idarə etdim. Avtomobili təmir etdirib və daha başa qiymətə satmaq üçün ustaya verdim. Amma ustalar avtomobilin təmir etdirməyin məsləhət olmadığını bildirdilər”.
Mais Dostiyevin sözlərinə görə, daha sonra həmin avtomobili “turbo.az” və “tap.az” internet elan səhfələrinə yerləşdirib: “2022-ci ilin fevralın əvvəllərində tanımadığım bir nömrədən zəng gəldi. Zəng edən şəxs avtomobillə maraqlandığını və baxmaq istədiyini bildirdi. Həmin şəxslə fevralın 4-də Xəzər rayonunun Şimal Dres qəsəbəsində görüşdük. Həmin şəxs rayondan gəldiyini, adının Ümman olduğunu bildirdi. Daha sonra Ümman mənə məxsus olan avtomobili idarə etdi. Avtomobili bəyəndiyi üçün notariat ofisinə getməyi, ona etibarnamə verməyimi istədi. Həmin avtomobili Ümmana 2600 manata satmağa razılıq verdim. Ümmanda həmin məbləğdə pulu mənə verdi. 7 saylı notariat kontorunda Ümmana etibarnamə verdim”.
Tərəflərin suallarını cavablandıran şahid Ümman Əliyevlə tanış olduğu müddətdə Tariyel Qurbanovun haqqında heç nə eşitmədiyini, onu tanımadığını deyib. Bildirib ki, Ümman Əliyevlə aralarında maşın alqı-satıqısı olub, başqa heç bir əlaqələri olmayıb. Onun sözlərinə görə, maşını satdığı üçün faktiki sahibi də Ümman Əliyev olub.
Digər şahid Fariz Nuriyevin sözlərinə görə, həyat yoldaşı Aygünlə birlikdə yaşayır: “Qızım isə Ankarada ailəsi ilə birlikdə qalır. Mən və həyat yoldaşım heç bir yerdə işləmirik. Çox çətin vəziyyətdə yaşayırıq. Elə gün olur ki, evə çörək almağa pulum olmur. Həyətdə kənd təsərrüfatı ilə məşğul olub, dolanmağa çalışırıq”.
Şahid qeyd edib ki, təqsirləndirilən Natiq Nuriyev onun doğma oğludur və digər təqsirləndirilən şəxsləri də həmkəndliləri kimi tanıyıb: “Natiq təxminən 2018-ci ildə Bakı şəhərinə getdi, qısa müddət ərzində hamamda işlədi. Daha sonra yenidən kəndə qayıtdı. Natiq kənddə mənə köməklik etməklə kənd təsərrüfatı ilə məşğul oldu”.
Fariz Nuriyevin sözlərinə görə, 2021-ci ildə Natiq Ümman adlı həmkəndlillərinə qoşulub və hamamlarda işləyib: “Lakin mənim bu barədə dəqiq məlumatım olmayıb. Natiq evdən getdikdən sonra onunla tez-tez əlaqə saxlamışam, onunla maraqlanmışam. Natiq özü də mənə gördüyü iş haqqında məlumat verməyib”.
Şahid deyib ki, 2021-ci ilin sonlarına kimi Natiq bir müddət Bakı şəhərində, bir müddət isə Qubanın Çiçi kəndində olub. Qeyd edib ki, Natiq həmin vaxtlardan əvvəllər də tanıdığı Ümman ilə yaxın münasibətdə olub, onunla oturub-durmağa başlayıb.
Şahidin sözlərinə görə, 2021-ci ilin dekabrın 30-da Natiq kənddən gedib: “Onun dəqiq hara getməsini bilməmişəm. Daha sonra Natiqə zəng etdim, bayramla əlaqədar kəndə qayıtmasını istədim. Natiq ya dekabrın 31-də, ya da yanvarın 1-də kəndə qayıtdı. Daha sonra yanvarın 2-də Natiq kənddən çıxdı. Ondan sonra onunla əlaqə saxlamadım. Təxminən fevral ayının sonlarında Natiq mənimlə əlaqə saxladı. Bakı şəhərində kirayə yaşadığını, bir müddət sonra kəndə qayıdacağını dedi. Natiq həmçinin bildirdi ki, Ümmanın hansısa məsələsi ilə bağlı onu da hüquq-mühafizə orqanları axtara bilər, buna görə də kəndə qayıtmağı hazırda təhlükə ola bilər. Mart ayının əvvəllərində bildim ki, Natiq tutulub. Sonradan mənə məlum oldu ki, Ümman, İlqar, Elnur Ələkbər və Natiq birləşərək Bakı şəhərində olan bir şəxsi şantaj edib, ondan pul alıblar. Bu səbəbdən də tutulublar”.
Fariz Nuriyev qeyd edib ki, 2022-ci ilin əvvəllərində Ümman və İlqar qardaşlarının özlərinə avtomobil aldıqlarını eşidib: “Hətta Ümmanın sürdüyü maşını kənddə görmüşəm. Ümmanı avtomobil alması ilə bağlı təbrik etmişəm, neçəyə aldığını soruşmuşam. Ümman maşını 10 min manata aldığını deyib. Onun həmin pulu haradan alması ilə maraqlanmamışam”.
Şahid qismində ifadə verən Ceyhun Nuriyevin sözlərinə görə, təqsirləndirilən Ələkbər Nuriyev onun doğma qardaşıdır: “Ələkbər əvvəllər Bakı şəhərində yaşasa da, 2015-ci ildə ailə həyatı qurdu, Çiçi kəndinə köçərək orada yaşadı. Ələkbərin 2016-cı il təvəllüdlü bir oğlu var. Ələkbər xasiyyətcə çox sakit və mülayim insandır. Ələkbər ailə qurduqdan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün Quba rayonuna köçdü. Ələkbər əvvəllər narkotik istifadəçisi olub. Sonradan vərəm xəstəliyindən əziyyət çəkdi və bununla bağlı uzun müddət ərzində müalicə aldı. Ələkbərin narkotik istifadəsindən başqa hər hansı bir cinayət əməlini törətməsini eşitməmişəm. Bu barədə də məlumatım olmayıb”.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.