RegionTV.info
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında fərdi sahibkar Əhədov Ramil Fərəməz oğlu tərəfindən müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq metal əşyaların istehsalının həyata keçirilməsi barədə müraciət daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Müraciətlə əlaqədar dərhal Agentliyin müfəttişləri tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı istehsal sahəsində təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Belə ki, qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirlərinin pozulduğu, əritmə sobasının ventilyasiya sisteminin olmadığı, sobadan ayrılan qaz və tüstünün açıq havaya buraxıldığı, əritmə sahəsində çalışan işçilərin texniki təhlükəsizlik üzrə təlimatlandırılmasının aparılmadığı müəyyən edilib. Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, obyektin fəaliyyəti dayandırılıb.
Bununla yanaşı, agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar obyektin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sex rəhbərliyinə təqdim edilib.