Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Aytacı kənddə basdırmağa qoymayın” - Dəhşətli qətlin təfərrüatı

Bu ilin fevralında Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü əmisi qızı Aytac Famil qızı Piriyevanı qətlə yetirən Piri Piriyevin məhkəmə prosesi başa çatıb.

RegionTV.info-nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1998-ci il təvəllüdlü Piri Piriyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, bu, Aytacın vatsap statusu üstündə olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, qardaşı arvadının telefonu ilə vatsap statuslarına baxan zaman Aytacın tanımadığı oğlanla qucaqlaşmış halda fotosunu görüb. Piri bundan sonra, Aytacgilin evinə gedərək oğlanın kimliyi ilə maraqlanıb. Aytac isə oğlanın sinif yoldaşı olduğunu, Türkiyəyə gedəcəyi üçün onunla səmimi şəkildə foto çəkdirdiyini bildirib.

Bundan əsəbiləşən Piri Aytacı şillə ilə vurub. Piri daha sonra Şəmkir şəhərinə gedərək həmin fotodakı oğlanı axtarmağa başlasa da, tapa bilməyib.

O, bütün bunlardan sonra Aytacın hərəkətlərinə son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. Piri bu məqsədlə əvvəlcədən bazardan aldığı bıçağı maşına qoyub, qərara gəlib ki, Aytacın əl-qolunu bağlayaraq onu qətlə yetirsin. Aytacın maşından düşüb qaçmaması üçün də əvvəlcədən avtomobilin sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırıb.

Planın davamı olaraq Piri, Aytacgilin evinə gələrək onunla sakit bir yerdə söhbət etmək istədiyini bildirib. Bu zaman Aytac azyaşlı oğlunu evdə qoyaraq maşının ön oturacağına əyləşib. Bundan sonra, Piri planına uyğun olaraq, Aytacı İrmaşlı kəndində yerləşən “Sulu dərə” adlanan əraziyə tərəf aparıb.

Yolboyu Piri yenidən Aytacdan həmin oğlanın kimliyini soruşub. Aytac yenə eyni cavabı verərək həmin şəxsin sinif yoldaşı olduğunu bildirib, eyni zamanda qeyd edib ki, onun şəxsi işlərinə qarışmağa ixtiyarı yoxdur.

Bu zaman Piri maşından düşərək avtomobildə saxladığı kəndiri götürüb və qabaq qapını açaraq Aytacdan əllərini irəli uzatmasını istəyib. Aytac isə onun sözlərini ciddiyə almayıb və zarafat etdiyini düşünərək Pirinin dediklərinə heç bir etiraz etmədən əməl edib.

Bundan sonra Piri Aytacın müqaviməti qıraraq onu yerə yıxıb və boğazını kəsib. Bu zaman Piri Aytacın yalvarışlarına heç bir məhəl qoymayıb. O, əmisi qızını öldürdükdən sonra maşınla İrmaşlı kənd istiqamətində hərəkət edib. Kənddə həmkəndlisi ilə görüşüb onun maşına əyləşən zaman törətdiyi əməldən bəhs edib və onu polis bölməsinə aparmağı xahiş edib.

Bölməyə getməzdən əvvəl o, həmkəndlisindən kəndin mərkəzində avtomobilini saxlamasını da xahiş edib. Bu zaman Piri avtomobildən düşüb üzünü çayxanada olan kişilərə tutaraq, – “Mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Aytacın meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin”, – məzmunlu sözlər deyib.

Daha sonra həmkəndlisi avtomobildən düşərək onu avtomobilə əyləşdirib Zəyəm polis bölməsinə aparıb.

Qeyd edək ki, Aytac Piriyeva 2017-ci ildə ailə həyatı qurub, onun bu evlilikdən bir övladı dünyaya gəlib. Aytacın həyat yoldaşı tez-tez işləmək üçün Ukraynaya gedib-gəlib. Onun həyat yoldaşı ilə sonradan münasibəti pozulduğu üçün bir il öncə vəfat edən atasının evinə qayıdıbmış.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də