Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış edib.
Şənbə günü Xankəndidə izdihamlı mitinq çağıran, lakin buna nail ola bilməyən R.Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib.
Ermənistan KİV-lərinin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər.
Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb.
Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib.
Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib:
“Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”.
Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir:
“Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”.
Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur.
Xəbəri paylaş