ABŞ administrasiyası ölkənin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı yeni materiallar dərc edib. Əvvəllər məxfi sayılan 13 mindən çox sənəd ABŞ Milli Arxiv və Sənədlər İdarəsinin saytında yerləşdirilib.
İdarənin məlumatına görə, kolleksiyanın əhəmiyyətli hissəsi 1990-cı illərin sonundan heç bir məhdudiyyət olmadan ictimaiyyətə təqdim edilib.
İndiki nəşrdən sonra kolleksiyadakı bütün materialların 97 faizi əlçatandır. Lakin bəzi sənədlər ABŞ administrasiyasının qərarı ilə hələ də məxfi saxlanılır.
Ağ Evin məlumatına görə, bu, müdafiə və kəşfiyyat əməliyyatları, hüquq-mühafizə orqanlarının fəaliyyətinin və ABŞ-ın xarici siyasətinin həyata keçirilməsinə zərər vurmamaq üçün lazımdır.
Xatırladaq ki, Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərinə səfəri zamanı sui-qəsd nəticəsində öldürülüb. Cinayətin izinə düşən hökumət komissiyasının gəldiyi nəticəyə görə, qətli təkbaşına Li Harvi Osvald törədib və söhbət heç də genişmiqyaslı sui-qəsddən getmir. Lakin ABŞ-da əhalinin çoxu rəsmi versiyanı qəbul etməyib. Komissiyanın nəticələrini şübhə altına alan bir çox alternativlər versiyalar olsa da, bunların heç biri sübuta yetirilməyib.