31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
BŞİH-dən verilən məlumata görə, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.