İranın Azərbaycanda böyük agentura şəbəkəsi yaradaraq, dindən öz məqsədləri üçün istifadə etməsi heç kimə sirr deyil. Casusluğa cəlb olun şəbəkə üzvləri müxtəlif vasitələrlə təbliğat apararaq, İrandan gəlmiş tapşırıqları icra edir, bununla da inanclı insanları öz alətlərinə çevirməyə çalışırlar. Bu xüsusda Azərbaycanda fəaliyyət göstərən mərsiyəxanların da İran təbliğatına xidmət etdiyi iddia olunur.
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İranın agentura şəbəkəsi mərsiyəxanalardan ciddi şəkildə istifadə edir.
“Əlbəttə, tarixən Azərbaycanda mərsiyələr olub. İnsanlarımız ayrı-ayrı vaxtlarda bu janrdan istifadə ediblər. Bu gün isə həmin janrdan İran Azərbaycan əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Məlumdur ki, İran Azərbaycanda geniş agentura şəbəkəsi qurub. Həmin şəbəkə öz təbliğatında mərsiyəxanalara ciddi əhəmiyyət verir. Burada bir incə məqam var. Belə ki, İran və agentura şəbəkəsinin Azərbaycandakı nümayəndələri sözügedən məsələ barədə danışıldıqda bunu əhli-beyt əleyhinə təbliğat kimi qələmə verməyə çalışırlar. Reallıqda isə bunun heç bir əsası yoxdur. Şiəlik, əhli-beyt anlayışı ilə, İranın təbliğ etdiyi şiəlik tamam fərqlidir. İran şiəliyi farslaşdıraraq, öz əməlləri üçün istifadə edir", - deyə deputat vurğulayıb.
C.Məmmədov qeyd edib ki, Bakıda və digər ərazilərdə çox sayda mərsiyaxanalar fəaliyyət göstərir. Deputatın sözlərinə görə, bu işlə məşğul olan şəxslərin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır:
"Bakıda, eləcə də digər ərazilərimizdə mərsiyəxanalar fəaliyyət göstərir. Bunlar Bakının mərkəzində yerləşən İran Mədəniyyət Mərkəzi tərəfindən dəstəklənir. İranın Azərbaycandakı agentura şəbəkəsini də məhz həmin mədəniyyət mərkəzi idarə edir. Bu qurum nə mədəniyyət, nə də dini mərkəzidir. Əslində, ideologiya mərkəzidir. Yeri gəlmişkən sosial şəbəkələrdə də aktivlik göstərirlər. Xüsusilə "TikTok"da aktivdirlər. Azərbaycanda cinayət törədib, İranda gizlənən şəxslər "Hüseyni yurd", "talış" və digər adlarda səhifələr yaradaraq ölkəmiz əleyhinə təbliğat aparırlar.
Bütün bu mərsiyəxanalar, İranmeyilli din xadimləri, sosial şəbəkələrdəki trol dəstələri zərərsizləşdirilməlidir. Hesab edirəm ki, bütün qurumların üzərinə böyük məsuliyyət düşür. Hüquq-mühafizə orqanları müəyyən işlər görürlər. Son zamanlar Dövlət Təhlükəsizlik Xidməti bir sıra ciddi addımlar atır. Ancaq düşünürəm ki, qarşıda görülməli işlərimiz çoxdur. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin üzərinə çox ciddi vəzifələr düşür. Burada köklü, konseptual, düşünülmüş tədbirlər həyata keçirilməldir. İlkin mərhələdə məscidlərimiz İranmeyilli şəxslərdən təmizlənməlidir. İranın agentura şəbəkəsinin dindən çirkin niyyətlər üçün istifadəsinin qarşısı alınmalıdır. Bu gün bəzi din adamları gizlənib. Özlərini dövlətin yanında göstərməyə çalışır. Əslində elə deyil. Bu gün də onların İrana simpatiyası və əlaqələri var".