İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha çox İsveçrə şirkətini Azərbaycanda görmək üçün əlindən gələni etməyə hazırdır.
RegionTV.info xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
“Dünən biz Birgə Komissiyanın iclasında iştirak etdik və İsveçrə şirkətlərinin Azərbaycanda bizneslə məşğul olmaq marağından məmnun olduq. Bu, onu göstərir ki, biz düzgün yolla gedirik və əsas diqqət düzgün dövlət-özəl kommunikasiyanın inkişaf etdirilməsinə yönəldilməlidir. Bugünkü tədbir üzbəüz dialoq vasitəsilə işgüzar əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir. Agentliyimiz Azərbaycan və İsveçrənin biznes icmalarını birləşdirərək mühüm nəticələr əldə etmək üçün fəal işləyir”, - deyə o bildirib.
Sədr vurğulayıb ki, bu ilin sentyabr ayında Cenevrədə KOBİA və Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə, iki ölkənin rəsmi şəxslərinin və biznes nümayəndələrinin iştirakı ilə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) Baş Assambleyası keçirilib.
“Palataya dəstək veririk və onun qısa müddətdə işlək biznes platformasına çevrilməsini gözləyirik”, - deyə O.Məmmədov əlavə edib.