Laçın dəhlizinin yaradılma məqsədi bəllidir. Rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycanın öz torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması həm beynəlxalq hüquqa ziddir, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir.
Bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq qeyd edib.
O bildirib ki, bir tərəfdən də nəzarətsiz ətraf mühit problemləri var və oraya müşahidəçi qismində gedən insanların qarşısının alınması pozuntuların nə dərəcədə şiddətli olduğunun göstəricisidir.
"Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır. Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik", - deyə M.Çavuşoğlu bildirib