Ötən həftə Qətər adına lobbiçilik edərək parlament qərarlarına təsir etməkdə günahlandırılan yunanistanlı deputat, Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin də olduğu 5 nəfərin saxlanması Brüsseldə hər kəsi şoka salıb.
RegionTV.info xəbər verir ki, Kailinin həbsi ilə bağlı qərarın bu gün veriləcəyi gözlənilsə də, Belçika və Yunanıstan mediası yeni məlumatla paylaşıb.
Belçikanın ən çox oxunan qəzetlərindən "Le Soir" nəşri Kaili ilə birlikdə İtaliyanın keçmiş deputatı Pier Antonio Panzerinin evindən 1,5 milyon avrodan çox nağd pul çıxdığını bildirib.
Qəzet P.A.Panzerinin evindən cəmi 600 min avro çıxdığını da açıqlayıb. Qalan təxminən 900 min avronun isə Kaili və ortağı Françesko Giorginin evindən tapıldığını qeyd edib.
Dünən vəkili vasitəsi ilə “mən günahsızam” deyən Kailinin evindən çıxan pulların fotoları paylaşılıb. Fotolarda "paçka-paçka" pullarla yanaşı başqa çoxlu hədiyyələr də yer alıb.
Həmçinin məlumatda Kailinin atasının Brüsseldə Sofitel adlı oteldə pulla dolu çanta ilə tutulmasından sonra Belçika polisinin hərəkətə keçdiyi bildirilib. Bu sayədə Belçika polisinin heç bir icazə almadan Kailinin toxunulmazlığını götürərək evində axtarış apardığı da qeyd edilib.
Yunan sosialist deputatı olan 44 yaşlı Kaili Avropa Parlamentinin Yaxın Şərqlə əlaqələrə cavabdeh olan vitse-prezidenti vəzifəsində çalışıb. Kaili dünən Avropa Parlamentində keçirilən səsvermədə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Nilay