Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndi yolunda etiraz aksiyası iştirakçılarının sayı artır - YENİLƏNİB + CANLI YAYIM

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.

RegionTV.info-nun məlumatına görə, paytaxt Bakıdan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını genişlənib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir.

İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

***07:54

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq üç gündür ki, davam edir.

RegionTV.info  xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya gecə boyu davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarları səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də