Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində öz şücaəti ilə fərqlənmiş topçu Samir Cəbrayılovla görüşüb.
Q.Paşayeva qazini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edib: “Sizə, sizin ailənizə, döyüş yoldaşlarınıza Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm, bir daha təbrik edirəm!
Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar hərbçilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz.
Xüsusi vurğulamaq istərdim ki sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhərlərimizdə, rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Müharibə günlərində şəhid olan silahdaşlarınızın ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işini yarımçıq qoymadığınız üçün sizə təşəkkür edirəm!
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi qələbə münasibəti ilə ürəkdən təbrik edirəm! Xahiş edirəm, bizim salamlarımızı ailənizə çatdırasınız”!
Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Qazi Samir Cəbrayılov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.