Uzun illər beynəlxalq normalara sayqısızlıq göstərən, bəşəri dəyərləri, insan haqlarını şəxsi mənafelərə qurban verən, terror, təcavüz yolunu dövlət siyasətinə çevirən İranın bu gün acınacaqlı vəziyyətə düşməsi təbiidir və bu dövrün reallıqlarından irəli gəlir. İran İslam Respublikası din pərdəsi altında nəinki öz vətəndaşlarına, eləcə də islam aləminə xəyanət yolunu tutmuşdur. Bu Azərbaycana qarşı münasibətlərdə özünü aydın göstərir. Ölkənin hakim dairələri, siyasi xadimləri dövlətimizə düşmən mövqeyində olduqlarını erməni faşistlərinə, uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi, məscidlərimizi, tarixi - dini abidələrimizi viranəyə çevirənlərə maddi və mənəvi dəstək, silah verməklə dəfələrlə sübut etmişlər və bu gündə məkrli niyyətlərini həyata keçirməkdədirlər.
Məlum olduğu kimi birinci Qarabağ müharibəsi illərində daim İran Ermənistana hərbi yardımlar etmiş, yanacaq, silah vermişdir. İşğal dövründə Azərbaycan ərazilərini, şəhər və kəndlərimizi talan edən, viran qoyan Ermənistanla bərabər İran olmuşdur. 44 günlük müharibə günlərində də İran təcavüzkarların yanında olmuş, öz qardaşlarına qayğılarını əsirgəməmişlər. İran bu gündə antiazərbaycan siyasəti yürüdür, Qafanda konsulluq açır, sərhədlərimizdə hərbi təlimlər keçirir, ünvanımıza təhqiramiz, yalan bəyanatlar səsləndirir və Ermənistanla münasibətləri genişləndirməkdə davam edirlər. İran Türkiyəyə qarşı münasibətdə də sağlam deyildir.
Ümumiyyətlə molla rejimi Türkiyənin və Azərbaycanın inkişafının əleyhinədir və bu qardaş dövlətlərin nüfuzunun yüksəlməsinə qısqanclıqla yanaşılır. Aparılan yanlış siyasət və dünyanın əksər dövlətləri ilə münasibətlərin pozulması, korlanması bu gün İranda baş verən qarşıdurmalar üçün zəmin olmuş və artıq xalq rejimdən cana doymuşdur. Davam edən uzun müddətli aksiyalar, öz haqqını tələb edən insanların güllələnməsi, etirazçıların edam edilməsi İran hakimiyyətinin məkrli siyasətini bir daha ortaya qoyur. Xalq qətiyyətlə rejimin istefasını tələb edir və öz mövqelərində israrlı olduqlarını nümayiş etdirirlər. Hadisələr isə İranın çökməsindən xəbər verir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri