Qəbələdə rəfiqəsi Kemale Maksumbekova ilə əlbir olaraq sevgilisi Kamran Əliyevin arvadı 23 yaşlı Aytac Əliyevanı öldürən Rufanə Nəbiyevanın məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1978-ci il təvəllüdlü Kemale Maksumbekova 17 il 6 ay, 1993-cü il təvəllüdlü Rufanə Nəbiyeva isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Dəhşətli hadisə bu ilin martın 5-də baş verib.
Belə ki, Kamran evli ola-ola Rufanə ilə sevgili münasibətində olub və qadına Aytacı boşayıb onunla evlənəcəyinə dair söz verib. Kamranın sözünün üstündə durmaması Rufanəni özündən çıxarıb və bu durumla barışmayıb. O, rəfiqəsi Kəmalə ilə telefon danışığı zamanı bezdiyini, intihar barədə düşündüyünü deyib. Telefon danışıqlarının birində isə Kəmaləyə Aytacı öldürmək sifarişini verib.
Bundan sonra rəfiqələr cinayətin planını cızıblar. Onlar əvvəlcə Kamranın evə nahara gəlib-getdiyi vaxtı müəyyənləşdiriblər. Kəmalə Rufanənin kirayə yaşadığı evə gələrək planı bir daha müzakirə ediblər. Qərara gəliblər ki, onlar Aytacın evinin qapısını qonşu adıyla döysünlər və qapını açan zaman onun başına daşla zərbə vursunlar.
Ən dəhşətlisi odur ki, bu hadisə törədilən zaman Kəmalənin 2008-ci il təvəllüdlü oğlu da cinayətkar fəaliyyətə cəlb edilib.
Belə ki, hadisə zamanı Rufanə evdə qalıb, Kəmalə isə yaşının az olmasına baxmayaraq, fiziki cəhətdən güclü olan oğlu ilə bazara gedərək özlərindən iz saxlamamaq üçün tibbi əlcək, üzlərinin görünməməsinə görə qara idman papaqları, Aytacın əl-qolunu bağlamaq üçün “skoç” və onun meyitini qoymaq üçün bazar torbası alıblar.
Bundan sonra Kemale yetkinlik yaşına çatmayan oğlu ilə birgə Aytacın qapısını su istəmək adıyla döyüblər. Qapı açılan zaman isə Kemale Aytacın başına Rufanənin verdiyi çay daşıyla vuraraq evin içinə salıb. Aytac qışqırıb kömək çağırmaq istəyəndə isə, Kemale daşla onun başına daha bir neçə zərbə endirib, daha sonra “skoç”u ağız və burnuna dolayıb, eyni zamanda bu vasitədən istifadə edərək onu boğub. Öz oğlunu hədələyərək cinayətə cəlb edən Kemale, övladına Aytacın ayaqlarını tutub saxlamağı tapşırıb.Hadisə törədilən vaxt Aytacın azyaşlı oğlu evdə olub. Bu zaman Kemalenin oğlu uşağın olduğu otağa keçərək onu sakitləşdirməyə çalışıb. Bir qədər sonra səs-küyə gələn qonşulardan biri Aytacın evinin qapısını döyüb. Kemale isə öldürdüyü Aytacın əvəzinə cavab verərək uşağın yatdığını bildirib. Kemale Aytacın ölümünə əmin olduqdan sonra, döşəməyə sıçramış qan izlərini silib. Bundan sonra isə o, Aytacın guya evdən küsüb getdiyi görüntüsünü yaratmağa çalışıb. Məqsəd də o olub ki, guya Aytac başqasına qoşulub qaçaraq Kamrana xəyanət edib. Rəfiqələr daha sonra öldürülən Aytacın telefonu ilə Kamrana sözdə xəyanətə dair mesajlar yazmalı imiş.
Kemale ilə oğlu qadının cəsədini özləri ilə gətirdiyi bazar torbasına qoyublar, eyni zamanda, Aytacın paltarlarını, əşyalarını da ora yığıblar, telefonunu isə özləri ilə götürüblər.
Onların məqsədi Aytacın meyitini həmin binanın zirzəmisində gizlətmək olub. Lakin qapıdan çıxan zaman qonşu onları görüb və Kəmalədən nə apardıqlarını soruşub. Bu zaman torba ağırlıqdan cırılıb və Aytacın qolu torban çıxıb. Bundan sonra, Kemale binanın blokundan çıxaraq bir tərəfə, oğlu isə digə tərəfə qaçıb.
Hadisədən sonra Kəmalə Şəkidəki, oğlu isə Rufanənin evinə gedib. Qısa müddət sonra polis əməkdaşları Kəmalənin evinə gələrək Qəbələ rayon Polis Şöbəsinə dəvət ediblər. O, bu zaman cinayətin üstünün açılmasından qorxaraq özünə bıçaq xəsarətləri yetirməyə cəhd göstərib, lakin polis əməkdaşları buna imkan verməyib. Polis şöbəsində isə cinayət etiraf edilib. Rufanə Nəbiyevanın saxlanılma xəbəri isə Baş Prokurorluq tərəfindən martın 9-da rəsmən açıqlanıb.
O da məlum olub ki, cinayətdən əvvəl rəfiqələr Aytacı qorxutmaq məqsədilə onun yaşadığı binada yanğın törətməyə də razılaşıblar. Bu məqsədlə Kəmalə Aytacın yaşadığı binanın dəhlizinə gedərək, elektrik kabellərinin topa olan hissəsinə selofan və kağızları yığaraq yanğın törətmək məqsədi ilə yandırıb oradan uzaqlaşıb. Ancaq çox geniş bir yanğın olmayıb. Məqsəd isə Aytacın yanğından qorxaraq həmin ünvanı tərk edib oradan getməsinə nail olmaq olub. Yanğın törətdikdən sonra Kemale Rufanənin yaşadığı mənzilə qayıdıb, gecəni orada qalıb, səhəri günü taksi ilə Şəkiyə qayıdıb.
Qeyd edək ki, qətlə yetirilən Aytac Əliyeva eyni zamanda, Kamranın dayısı qızı olub. Onların bu evlilikdən bir övladı dünyaya gəlib. Kamran Əliyev Daxili Qoşunların hərbi qulluqçusu olub. Bu səbəbdən Qəbələdə Zarağan-2 şəhərciyində yaşayıb. Maraqlıdır ki, Kamran Əliyev 6 il münasibəti olduğu sevgilisi Rufanəyə də eyni ərazidə kirayə ev tutubmuş.