Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistandakı fəaliyyətini dekabrın 19-da başa çatdıracaq.
Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Josep Borrel deyib.
O bildirib ki, bu məsələyə dekabrın 12-də Xarici Əlaqələr Şurasının iclasında baxılıb.
"Bununla belə, Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi səlahiyyətimizi qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək üçün Ermənistanda nümayəndələrdən ibarət qrup yerləşdirəcəyik" deyən Borrell, missiyanın özünü "effektiv" göstərdiyini qeyd edib.
Xatırladaq ki, monitorinq missiyası oktyabrın 20-dən fəaliyyətə başlayıb. Missiya Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında dördtərəfli görüşdə əldə olunmuş razılıq əsasında göndərilib.