Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yazarlar Natəvanın ruhunu sevindirdilər

Yazarlar Natəvanın ruhunu sevindirdilər

Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilib. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB-nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlayıb və aşagıdakı misralarla xeyir-dualarıını  dilə gətirib:
 

Özgə bir aləmdir Araz də, Kür də,

Heç vaxt ələ düşməz bu çağlar bir də.

Soyuq qış günündə Mingəçevirdə,

Odun-közün işığına gəlmişik.

Natəvanı ürəklərdə yaşadan -

Arzularda, diləklərdə yaşadan,

Şeirin-sözün işığına gəlmişik...

 
Tədbirin sonrakı anlarında AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzim “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, şəhər Əmək və Müharibə Veteranları Şurasının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı “Şairənin nəsil səcərəsi və övladları”, şəhər Bələdiyyəsini şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı “Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü” və hüquqşünas-şair, “Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli “Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası” mövzusunda çıxış ediblər.

 
Şəhərdə məlahətli səsləriylə el şənliklınə təravət bəxş eləyən müğənnilər - Üzeyir Hacıbəyli adəna musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və MDU-nun I kurs tələbəsi Səma Zeynallı ifa etdikləri muğam və xalq mahnıları ilə məclisə unudulmaz anlar bəxş ediblər.

 
AYB-nin Natəvan klubunda Mingəçevir bölməsinin nəşr etdirdiyi “Ruhumuzun yaz havası” almanaxının təqdimatı zamanı “Zaur Ustac-Yazarlar” ədəbi qrumunun “İsa Muğanna” diplomları AYB üzvləri  Elşən Əzim və Zümrüd Rəhimovaya, “Mustafa Müseiboğlu” diplomu isə AYB üzvü şair Məhyəddin Məhərrəmoğluna təqdim edilib.

 
 AYB Mingəçevir bölməsinin xəttiylə ötən ayın sonlarında keçirilən “Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin qalibi, Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairənin bir qəzəlini əzbərdən söyləyib.

 
Sonra yerli şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu öz şeirlərini, şair-publisist Məmməd Mərzili isə Natəvana həsr etdiyi şeirini oxuyub.

Tədbirin aparıcısı XX əsr Azərbaycan ədəbiyyatını görkəmli simalarından olan Məmməd Rahimin “Natəvan” poemasından, İlyas Əfəndiyevin eyniadlı pyesindən, şairənin həyat və yaradıcılığından bəhs edən sənədli filimlərdən söhbət açanda, şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov söz alaraq Səməd Vurğunun illər öncəsi Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləyib.

   
Sonda 44 günlük II Qarabağ Müharibəsində “Dəmir yumruq”la tarixi düşmənlərimizi diz çökdürüb xalqımıza qələbə sevinci bəxş edən ərən oğullarımızın musiqi-mədəniyyət beşiyi Şuşada büstü gülləboran edilən, Ağdamın “İmarət” qəbristanındakı gor evi dağıdılan xan qızı Natəvanın da ruhunu şad etdiklərini dilə gətirərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə cansağlığı diləyib.

 
Saat yarım ərzində hamıya unudulmaz anlar bəxş etməklə, foto-şəkillərdə iz salıb, video-çəkilişin yaddaşında yer alan yubiley məclisi Xurşidbanu Natəvana yönəlik ehtiram nümunəsi kimi hamını məmnun etdi.


Cabir Qədimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də