Avropa Parlamentinin sədr müavini, yunan siyasətçisi Eva Kaili cümə günü Brüsseldə mümkün korrupsiya ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Siyasətçinin yaşadığı yerdə axtarış aparılıb. Onun partnyoru da saxlanılıb.
"Hər ikisinə qarşı korrupsiya işi üzrə istintaq aparılır", - deyə Belçikanın "Le Soir" nəşri yazıb.
Bundan əvvəl bildirilmişdi ki, Belçika hakimiyyəti Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı Avropa Parlamentində korrupsiya iddialarının araşdırılması ilə əlaqədar Brüsseldə bir neçə həbs və axtarış aparıb.
Təhlükəsizlik qüvvələrinin 4 həbs və 14 axtarış apardığı deyilir. KİV-in məlumatına görə, Avropa Parlamentinin keçmiş üzvü və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Qətərdən mükafat almaqda şübhəli bilinərək nəzarətə götürülüb. Qeyd edilib ki, müstəntiqlər Fars körfəzi dövlətlərindən birinin “Avropa Parlamentinin siyasi və iqtisadi qərarlarına təsir göstərmək cəhdlərindən” şübhələnirlər.
Prokurorluq konkret ölkənin adını çəkməsə də, mənbələr bildirir ki, söhbət 2022-ci ildə keçirilən dünya çempionatının təşkilatçısından gedir.
Axtarışlar zamanı yarım milyon avro nağd pul ələ keçirilib.
Avropa Parlamenti Belçika hakimiyyətinin istintaqını rəsmi şəkildə şərh etmir.