Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gimnaziyada biabırçılıq: Uşaq tualetdə su içir, cırıq corab geyinir... - Nazirlik işə qarışdı (VİDEO/FOTO)


Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada acınacaqlı vəziyyət hökm sürür. 


Bu barədə  valideynlər bildirib. 

"Şərait acınacaqlıdır. Uşaqlar vaxtlı-vaxtında qida ilə təmin olunmur. Eyni zamanda uşaqlara münasibət də yaxşı deyil. Üstü bəzək olan gimnaziya əslində antisanitariya mənbəyidir”, deyə valideynlər qeyd edib.

Koronavirus pandemiyası səngisə də, ölkədə xüsusi karantin rejimi hələ davam edir, risklər hələ də mövcuddur. Bu halda Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada antisanitariyanın hökm sürməsi uşaqların həyatı üçün təhlükəlidir. 

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na əsasən, sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalı, sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır. Gimnaziyadakı vəziyyət isə bunun əskini göstərir. 

Bununla bağlı redaksiyamıza daxil olan videodan görünür ki, gimnaziyada təhsil alan uşaqlar tualetdə çirkli vedrədən su içmək məcburiyyətindədirlər. Görünən odur ki, Nazirlər Kabinetinin tələblərinin sözügedən gimnaziyaya heç bir aidiyyatı yoxdur.
Dövlət tərəfindən ümumtəhsil internat məktəbinin şagirdləri müəyyən edilmiş normativlər və qaydalar üzrə paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar. Bu xidmətlər Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya aid edilsə də, nədənsə burada uşaqların əksəriyyəti cırıq paltarla gəzirlər. 

Nazirlik araşdırmalara başladı

Qaynarinfo məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib. Qurumdan bildirilib ki, gimnaziyada baş verənlərlə əlaqədar araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. 
Direktor əvəzi: "Corabları öz cibimin pulu ilə alıram..."

Məktəbin direktor əvəzi Taliyə adlı xanım da Qaynarinfo-ya açıqlamasında gimnaziyadan çəkilən görüntülərə münasibət bildirib. Direktor əvəzi videoda əks olunan hadisənin onun rəhbər əvəzi olduğu dövrdə baş verdiyini təsdiqləyib: 

"Əvvəlcə sanitar qovşaqda su içən uşaq haqında məlumat verim. Sözügedən sanitar qovşağı mən internat məktəbinə direktor əvəzi təyin olunandan bağlıdır. Uşaqlar üçün digər sanitar qovşağı açmışıq. Direktor vəzifəsinə təsdiqlənməməyim üçün məktəbdə bu təxribatı törədiblər. Uşağı sözügedən yerə aparıb, görüntüyə alıblar. İndi videonu uşağın valideyini görsə, nə cavab verəcəyik? İnanın müsibət olar. Mən bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm. Gəlib, araşdırsınlar. Əgər günahkaramsa, cəzamı çəkməyə hazıram”.  

Direktor əvəzi həmçinin əlavə edib ki, gimnaziyada təhsil alan bütün uşaqlar geyimlə təmin olunur: 

"Mən gələndən sonra uşaqlar corabla təmin edilməyib. Amma mən corabı cibimdən almışam. Bizim heç bir uşağımız cırıq corab geyinmir. Bizdə həm fiziki məhdudiyyətli, həm də sağlam uşaqlar təhsil alır. Cırıq corabları olanlar xüsusi təhsil sinifinin uşaqlarıdır. Niyə belə olub? Bu da araşdırılacaq”. 

Onun sözlərinə görə, bu yaxınlarda Elm və Təshil Nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev xəbər vermədən gimnaziyada yoxlama aparıb: 

"Nazirlik rəsmisi uşaqların əyin-başından tutumuş yemək-içməklərinə qədər baxdı. Bir neçə gün əvvəl Qida Təhlükəsizlik Agentliyindən də yoxlama apardılar və hər şey normal olduğuna görə protokol yazmadılar. Hər şey o qədər yerli yerindədir ki... Amma bu görüntüləri kim çəkib, niyə çəkib, bunu dəqiq bilmirəm. Belə başa düşürəm ki, bu təxribat mənə qarşıdır. Fikrimcə, bunu etməkdə məqsəd direktor vəzifəsinə təsdiqlənməyimə maneə törətməkdir”.

Əhməd




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də