ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 858 milyard dollar həcmdə təsdiqləyib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, bundan öncə müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının komitələri tərəfindən razılaşdırılıb.
Layihədə Ukraynaya təhlükəsizlik sahəsində azı 800 milyon dollar yardım və Rusiyaya qarşı Avropada yönəlmiş təşəbbüs üçün 6 milyard dollar vəsait ayırmaq nəzərdə tutulub.
Bundan əlavə, büdcə sənədi Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları əhatə edir. Habelə Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur və raket əleyhinə müdafiə sistemlərinə dair məlumat mübadiləsinə daimi qadağa qoyur.
Qeyd edək ki, büdcə layihəsi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün prezident Co Baydenə göndəriləcək.