Noyabrın 23-də Ukraynaya raket hücumunda Rusiya Qərbin tətbiq etdiyi sanksiyalardan sonra istehsal olunan raketlərdən istifadə edib.
Bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiya sanksiyalardan yayınmaq və ya Ukraynada hərbi əməliyyatlara başlamazdan əvvəl yarımkeçiricilər və digər komponentlər əldə etməyin yolunu tapıb.
Qəzetin yazdığına görə, Rusiya hərbçiləri noyabrın 23-də Kiyevə hücum etmək üçün yay və payız aylarında istehsal edilmiş ən azı iki X-101 qanadlı raketindən istifadə edib. Analitiklər raketlərin qalıqlarını öyrəndikdən sonra bu qənaətə gəliblər.
Adı açıqlanmayan ABŞ hərbi rəsmisi qəzetə açıqlamasında deyib ki, Vaşinqton Rusiya hakimiyyətinin silah istehsalını artırmış ola biləcəyini düşünür. Onun sözlərinə görə, Rusiya hərbçiləri silah ehtiyatı ilə bağlı problemlər yaşayır, ona görə də Ukraynadakı hədəflərə hücum edərkən həm köhnə, həm də yeni silahlardan istifadə edirlər.