“Gülüstan” sarayının əməkdaşını intim görüntülərlə şantaj edən keçmiş iş yoldaşının məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmunə əsasən, Rəşad Əmirov 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, Rəşad Aydın Quliyevin (ad-soyad şərtidir) telefonuna şəxsi məlumatlarını ələ keçirmək üçün uzaq məsafədən sahibinin xəbəri olmadan kameranı aktiv etməklə onu gizli şəkildə izləməyə imkan verən “Trackview” adlı proqram yazıb.
Nəticədə Aydın sanitar qovşaqda olarkən Rəşad onun telefonunun kamerasını aktiv edib və intim görüntülərini lentə alıb.
Bundan sonra isə Rəşad Aydına görüntüləri göndərərək onu şantaj edib və videonun yayılmaması üçün qarşı tərəfdən 5000 dollar pul tələb edib. Rəşad Aydının şantaja boyun əymədiyini görüb görüntüləri onun iş yoldaşlarına göndərib və daha sonra “Gülüstan” sarayının rəhbərliyinə göndərəcəyinə dair fikrinin ciddi olduğunu bildirib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etmiş Rəşad Əmirov zərərçəkmiş şəxsi 10 ildir tanıdığını bildirib. Tərəflərin tanışlığı “Buta Palace” restoranında işləyərkən olub. Onlar daha sonra “Gülüstan” sarayında işə qəbul olunublar. Lakin ofisiant kimi çalışan Rəşad Əmirov tədbir zamanı spirtli içki qəbul etdiyi üçün işdən kənarlaşdırılıb.
Rəşadın Aydının telefonunda proqramı necə yazmasına gəlincə, bu, 2022-ci ilin aprelində baş verib. Belə ki, Aydın özünə aid telefonu Rəşada verərək ondan mobil telefonun yaddaşına kino izləmək üçün və sosial şəbəkələrə aid proqramlar yazmasını xahiş edib. Eyni zamanda, ondan xahiş edib ki, azyaşlı qızının telefonuna nəzarət etmək üçün xüsusi proqramlar yazsın.
Nəticədə Rəşad Aydının telefonuna proqramlar yazaraq sahibinə qaytarıb. Onun hərəkətlərini izləmək üçün yazdığı “Trackview” proqramını isə proqamlar bölməsində gizlədib.
Görüntüləri əldə etdikdən sonra Rəşad Əmirov Aydını şantaj edərkən əsl kimliyini gizlədib və ona xarici nömrənin vatsapı ilə yazıb. Bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırma ilə bağlı dəvət ediblər. Əvvəlcə izahatı alınıb sərbəst buraxılsa da, daha sonra hədə-qorxu ilə pul tələb etmə cinayətində şübhəli bilindiyinə görə tutulub. O, bu hərəkəti zarafatla ediyini, bunun cinayət olduğunu bilmədiyini deyib.
Aydın isə şantaj edilərkən pulunun olmadığını, videonu kimə istəyirsə, göndərə biləcəyini deyib. Bundan sonra DİN-in 102 xidmətinə şikayət edib. Bir müddət onu hədələyən şəxsi Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin əməkdaşları müəyyən edə bilməyib. Sonradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya dəvət edən zaman məlum olub ki, ona qarşı bu cinayəti törətmiş şəxs uzun müddətdir tanıdığı Rəşad Əmirovdur.
Buna baxmayaraq, Aydın Quliyev təqsirləndirilən şəxsi bağışladığını deyib, ona qarşı şikayət və tələbi olmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov isə onu bağışlamayıb. O, 7 il 2 ay müddətlik həbs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.