1993-cü ildən doğulduğu Şuşa rayonundan ayrı düşən və bu illər ərzində Sabunçu rayon Qızılqum sanatoriyasında çarəsiz yaşayan Qarabağ qazisi Şunasi Babayev bu dəfə yaşadığı binanın şəkilini görəndə çox kövrəlib.
Ş.Babayev Moderator.az-a danışarkən deyib ki, yaşadığı bina şəhərin mərkəzində olduğu üçün ermənilər orda yaşayıblar:
“Yaşadığım bina Şuşa şəhəri, Vəzirov küçəsi ev-7, mənzil 35-dir. Yaşadığım bina Şuşa şəhər polis şöbəsiylə də üzbəüz idi. Həm də Cövhər Ağa məscidinə və Şuşa bazarına yaxın idi. Elə oldu ki, biz ordan qaçqın düşəndən sonra ermənilər bizim evlərimizdə yaşamağa başladılar. Hətta oranı bu illər ərzində təmir də ediblər. Hətta bir dəfə ermənilər binanın qarşısına yazmışdlar ki, “bu buna təmir olunur”. Bu illər ərzində yaşadığımız binanın şəkilini görəndə çox sarsıntı keçirirdik. Ev-eşiyinin, torpağının düşmən əlində qalması adamın qeyrətinə toxunurdu. Şükür Allaha ordumuz Şuşamızı da işğaldan azad etdi. Bu dəfə dostlar mənə yenə binamızın şəkilini göndəriblər. Bina qəzalı vəziyyətdədir, inşallah dövlətimiz tərəfindən təmir ediləcək. Təki Şuşamıza qayıdaq.
1993-cü ildən Qızılqum sanatoriyasında yaşamışıq, amma buna yaşamaq deyilərsə. Heç üzümüz gülməyib burda. Şuşa işğaldan azad ediləndə o qədər sevindim ki, qışqırmaqdan səsim də batmışdı. Bir neçə gün xəstə yatdım”.