Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki tanınmış xanım 87 yaşlı Əlisa Nicata görə dalaşdı - MÜBAHİSƏ

İki tanınmış xanım 87 yaşlı Əlisa Nicata görə dalaşdı - MÜBAHİSƏ


“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə tanınmış yazıçı, filosof, tərcüməçi Əlisa Nicatın şəklini paylaşaraq, onun məişət problemindən əziyyət çəkdiyini ictimailəşdirib. 87 yaşlı yazıçı fotodan göründüyü kimi, üst-üstə qalın paltarlar geyinib. Belə qalın geyinməsinin səbəbini soruşanda Əlisa Nicat deyib ki, evi çox soyuqdur. Qaz sobası var, amma gecələr 2-3 saat yandırıb sonra söndürür: “Pul çox yazır, çatdıra bilmirəm”.

Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı sosial şəbəkədəki paylaşım geniş müzakirələrə səbəb olub.
"Facebook" istifadəçiləri 100-dən çox kitabın müəllifi olan 87 yaşlı yazıçının sosial durumunun ağır olmasına təəssüfləndiklərini bildiriblər.

Qeyd edək ki, müzakirələr sonda Ə.Nicata dəstək məqsədilə yardım kampaniyasınnın başladılmasına səbəb olub.

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli bu gün Əlisa Nicatın Masazırdakı evinə baş çəkərək, oradan şəkillər yayıblar.

Evin bərbad durumundan xəbər verən şəkilləri Nigar Köçərli "Facebook"da belə bir təqdimatla paylaşıb:

“Şahbaz Xuduoğlu ilə birlikdə Əlisa Nicatın evinə baş çəkdik. İstilik sistemi qurulmalıdır, ustaları da çağırdıq.
Əlisa Nicatın 87 yaşı var, 100-dən çox kitabın müəllifidir.

Yardım etmək istəyənlərin nəzərinə:
6768 6771 7676 6289
Kapital bank
Əlisa Hüseynov”.


 

Modern.az-ın məlumatına görə, Nigar Köçərlinin paylaşımını böyük əksəriyyət müsbət qarşılasa da, ona qarşı çıxan da tapılıb.

Belə ki, jurnalist İradə İsaq “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlini "Facebook"dakı paylaşımına görə qınayıb:

“Kombi çəkmək və evi bir balaca təmir etdirmək o qədər də böyük vəsait tələb etmir axı. Məncə sizin də, Şahbaz bəyin də buna gücü çatar. Bunun üçün kart nömrəsi qoymaq niyə lazımdır ki? İş adamları artıq normal şəkildə yardım etməyi öyrənməlidir. Yazıçını utanmağa niyə vadar edirsiniz? İkiniz əl-ələ verib bu işi yaxşı şəkildə görə biləcək imkandasınız. Lütfən, adamı bu qədər sındırmayın. Kömək edirsiniz edin, etmirsiniz lazım deyil məncə”, - deyə İradə İsaq Nigar Köçərliyə etirazını bildirib.

Nigar Köçərlinin ittihama cavabı da özünü çox gözlətməyib.

“Birincisi, ictimailəşdirmək biabır etməkdirsə, özünüzü hər yerdə "tanınmış jurnalist" kimi təqdim etməyinizə və təlimlər keçirməyinizə nə ad verək?
İkincisi, siz haradan bilirsiniz ki, mən yardım etmirəm? Etmişəm, edirəm, amma bu barədə danışmaq istəmirəm. Ta sizin kimi fəxrlə "dünən kasıbın toyuna gedib pul saldım" tipində "səviyyəli" paylaşımlar etmirəm, üzürlü sayın.
Üçüncüsü, dünəndən insanlar "biz necə kömək edə bilərik" yazırlar, biz də Əlisa bəyin kart nömrəsini burada paylaşdıq.
Dördüncüsü də heç sizin də maşallah, maddi durumunuz pis deyil, özünüz də "tanınmış jurnalist", yoldaşınız da dövlət məmurudur, niyə yardım etmirsiniz?”.

Xanımların mübahisəsinə qoşulan digər "Facebook" istifadəçiləri Əlisa Nicata yardım etməyin vacibliyini vurğulayaraq dövlət qurumlarına, Yazıçılar Birliyinə çağırış ediblər.

Qeyd edək ki, Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. O,  “Qızılbaşlar”,  “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. məşhur əsərlərin müəllifidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də