Son vaxtlar işğal edilmiş ərazilərdə erməni təxribatlarının davam etməsi Azərbaycan tərəfinin haqlı narahatlığına səbəb olmaqdadır.
Baş verənlərlə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə, bu təxribatların Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğuladı:
“Ermənistanda müəyyən dairələr hələ də özlərinin məğlubiyyəti ilə, qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə razılaşa bilmirlər. Buna görə də onlar təxribatlara əl atırlar. Ermənistanda gedən siyasi proseslər də onu göstərir ki, revanşist qüvvələrə ya hakimiyyətdə qalmağa, ya da hakimiyyətə gəlməyə çalışır. Bu baxımdan hələ də Azərbaycanın Dağlıq Qarabağ regionunda, meşələrdə, ucqar nöqtələrdə erməni dəstələrinin gizləndiyi, onların hərbçilərimizin postlarına hücumlar təşkil etdiyi ilə bağlı məlumatlar ortaya çıxır.
Ermənistan anlamalıdır ki, o, bu müharibədə məğlub olub. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə nail olmaq üzrədir. Ermənilərin istənilən təxribatına çox ciddi və sərt cavab veriləcək. Bir neçə gün bundan öncə Hadrut qəsəbəsi yaxınlığındakı iki kənddə baş verən hadisələrə Azərbaycan tərəfinin verdiyi reaksiya buna yaxşı nümunədir.
Birincisi, Azərbaycan öz torpaqlarına nəzarət edir. Hər hansı bir siyasi-hərbi təxribatın qarşısının alınması üçün ciddi tədbirlər görür. İkincisi, gizlənən, gizlətdikləri silahları ortaya çıxararaq ondan istifadə etməyə çalışan təxribatçılar etdikləri əməlin cavabını sərt şəkildə alırlar və bundan sonra da almaqda davam edəcəklər. Ən əsası isə, Ermənistanda bu təxribatları dəstəkləyən qüvvələr bilməlidirlər ki, baş verənlər Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola bilər. Azərbaycanla münasibətlərin normallaşaması prosesi uzanır. Ermənistana məhv edilən hərbçilərinin meyidləri gəlməkdə davam edir. Ermənistan iqtisadiyyatına ağır zərbələr dəyir. Ermənistanın təxribatçı addımlarını beynəlxalq aləmdə heç kim dəstəkləməyəcək. Ermənistan anlamalıdır ki, 27 sentyabrdan əvvəlki dövrə artıq qayıdış yoxdur”.