“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi demokratik prinsiplərə uyğun və tam şəffaflıq şəraitində hazırlanıb.
Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O, bildirib ki, müzakirələrdə siyasi partiyaların fəal iştirakı qanun layihəsinə ictimai marağın yüksək olduğunu göstərir.
Deputat, həmçinin qeyd edib ki, yeni qanun layihəsinin əsas hədəflərindən biri Azərbaycanda çoxpartiyalı sistemin effektivliyinin daha da artırılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun gücləndiriləməsinə nail olmaqdır:
“Müzakirələrin nəticəsi olaraq layihəyə bir sıra mühüm dəyişikliklər olunub. Qeydiyyat üçün sənədlərin toplanması ilə bağlı müddət artırılıb. Eyni zamanda partiyanın təsis edilməsi, sənədlərin yoxlanılması ilə tələb olunan göstəricilər dəyişdirilib. Bir sıra məhdudiyyətlər ləğv edilib. Bütün bunlar narahatlıq doğuran məqamların aradan qaldırılması üçündür”.
Soltan Məmmədov bildirib ki, layihə ətrafında keçirilən dinləmələr və ictimai müzakirələrin nəticəsi olaraq sənədə 66 dəyişiklik edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəaların çıxarılması, seçki prosesi ilə bağlı 3 faizlik baryerin götürülməsi siyasi partiyaların fəaliyyətinə hər hansı məhdudiyyətin qoyulmaması niyyətinin göstəricisidir:
“Əsas məqsəd Azərbaycan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun sənəd layihəsinin ortaya çıxmasına nail olmaqdır. Diqqəti çəkən məqamlardan biri də partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsidir ki, hesab edirəm ki, bu da məhz siyasi pratiyaların təsis olunması prosedurunun sadələşdirilməsinə, asanlaşdırılmasına xidmət edir”.
Deputat hesab edir ki, davam edən ictimai müzakirələr layihənin daha da təkmilləşdirilməsinə səbəb olacaq. Bu cür vacib qanun layihəsinin müzakirəsində siyasi partiyaların fəal iştirakı, onların təklif və qeydlərinin nəzərə alınması Azərbaycanda demokratik ictimai-siyasi mühitin mövcudluğunun, siyasi dialoq üçün geniş imkanların olduğunun göstəricisidir.