Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meyiti tapılan tələbənin atası Prezidentdən KÖMƏK İSTƏDİ


Meyiti tapılan tələbənin atası Prezidentdən KÖMƏK İSTƏDİ

Bir müddət öncə Bakıdakı kirayə mənzildə asılmış vəziyyətdə meyiti tapılan Azərbaycan İqtisad Universitetinin (UNEC) 19 yaşlı tələbəsi Şəhriyar Səmədovun atası Şahin Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Mərhum tələbənin atası oğlunun intihar etməsi barədə iddialarla razılaşmayaraq,bu hadisədə qaranlıq məqamların olduğunu vurğulayıb və ölkə başçısından kömək istəyib. O, müraciətində bildirib:

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cü kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı.


Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyərdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın?
Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb. Xaricdə mağistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçmişdi, ikincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN Xidmət-ə müraciət etmişdi. 4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etdi?
 

Mən bu müraciətlə cənab Prezidentə, Baş prokurora müraciət edirəm:
 

Axı biz hüquqi dövlətdə yaşayırıq. Konstitutsiya ilə hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur. Bəs niyə belə istedadlı gəncin ölümündən 43 gün keçib, Nizami Rayon Prokurorluğunda hələ də cinayət işi açılmayıb? Bir toyuq oğurlayana cinayət işi açıldığı halda, bəs nə mane oldu bu işin açılmağına ki, prokurorluğun müstəntiqi maraqlı olmadı? Yalnız ehtimallarla, izahatlarla bu işi ört-basdır etməyə çalışırlar.


Cənab Prezident, vənab Baş prokuror,

mənim övladımın intihar etməsi çox şübhəlidir: ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər. Nizami Rayon Prokurorluğunda bu müddətdə cinayət işinin açılmaması, ört-basdır edilməsi şübhələrimi daha da artırır.

Sizdən xahiş edirəm mənim oğlumun ölüm səbəbinin ciddi araşdırılması işini nəzarətinizə götürəsiniz.


Əks təqdirdə sizə açıq şəkildə bəyan edirəm, ədalətsizliyə etiraz olaraq mən də tezliklə öz həyatıma qəsd edərək balama qovuşacağam. Buna heç şübhəniz olmasın”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də