Vaxtından əvvəl doğulan uşaqlarda müşahidə edilən göz anomaliyaları açıqlanıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov bildirib ki, prematürenin retinopatiyası (ROP) vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz anomaliyasıdır.
Həkim qeyd edib ki, bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir:
“Torlu qişa işığı hiss edir və beyinə siqnal göndərir ki, görə bilərsiniz. Normalda retinanın (torlu qişa) qan damarları hamiləliyin dördüncü ayında inkişaf etməyə başlayır və tam doğuş vaxtında, yəni hamiləliyin 9 ayı ətrafında inkişafını bitirir. Vaxtından əvvəl doğulanlarda bəzi hallarda tor qişasında arzuolunmaz qan damarları böyüyür. Anormal qan damarları yanlış istiqamətdə böyüyə bilər. Bu da tor qişanın qopmasına səbəb ola bilər.
Körpələr hamiləliyin 30-cu həftəsindən əvvəl doğulsalar və ya doğum zamanı çəkisi təxminən 1500 qramdan az olarsa, ROP riski daha da yüksək olur. Müxtəlif risk faktorları ROP-un inkişafına kömək edir. Onlardan çox aşağı və ekstrimal az doğum çəkisi, tənəffüs problemləri (tənəffüs problemlərini müalicə etmək üçün çox yüksək oksigen terapiyası alırlarsa), həmçinin hipoksiya, müxtəlif növ infeksiyalar, ürək qüsurları, anemiya, E vitaminin aşağı səviyyəsi- qeyd etmək olar”.
Nazirlik rəsmisinin sözlərinə görə, körpə böyüdükcə ROP bəzi hallarda öz-özünə keçə bilər:
“Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər, hətta görmə qabiliyyətini tam itirə bilər”.
R.Hüseynov deyib ki, vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır:
“Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi və həmçinin vaxtından əvvəl doğulmanın səbəbi - infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preklampsiya və s. ilə birbaşa bağlıdır.
Vaxtından əvvəl doğulanlar arasında əsas problemlərdən biri tənəffüs sistemi ilə bağlıdır. Bu körpələrdə ağciyərlərin yetkinsiz olması - surfaktantın çatmazlığı, eyni zamanda beyində tənəffüsü tənzimləyən sinir mərkəzlərinin tam formalaşmaması səbəbindən yaranan hallardır. Yetkinsizlik dərin olduqca tənəffüsün ləngiməsi, hətta tənəffüs dayanması halları da (apnoe) qeyd oluna bilər. İmmun sistemi tam formalaşmadığı üçün infeksiyalaşma riski yüksəkdir. Bununla bağlı septiki hallar ölüm səbəbləri arasında əsas yerlərdən birini tutur.
Sinir sisteminin yetkinsizliyi, anatomik quruluşu və qan dövranının xüsusiyyətləri vaxtından əvvəl doğulmuş körpələrdə beyinə qansızmalara meyillilik yaradır, işemik proseslərə səbəb olur. Bu da sonradan ağır formalarda uşaq serebral iflicinə gətirə bilər. Bundan əlavə, ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Gələcək fəsadlardan görmə və eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır”.
Ev şəraitində vaxtından əvvəl doğulan körpələrə necə qulluq edilməlidir?
“Vaxtından əvvəl doğulan uşaqlar stasionardan evə yazılarkən artıq digər uşaqlar kimi adi qulluq və qayğı tələb edirlər. Lakin onların bəzi özəlliklərini qeyd etmək lazımdır. Bu körpələr termoləbildilər, ətraf mühitin temperaturasına, körpənin geyiminə diqqət etmək lazımdır. Onların gün ərzində qidalanma sayı daha çox ola bilər. Qusma, qaytarma halları tez-tez müşahidə olunur, çəki artımına ciddi nəzarət tələb olunur. Yumşaq materialları, yun ədyalları, balışları, oyuncaqları uşağın çarpayısından götürmək tövsiyə olunur. Belə ki, bu əşyalar yenidoğulanın “qəfləti ölüm sindromu” riskini artırır. Körpə arxası (beli) üstə yatmalıdır, üzü üstə yatırmaq təhlükəlidir.
Valideynlər hər hansı bir narahatlıq, hərarətin qeyri stabil olması, qidalanma və ifraztda pozulmalar müşahidə edərsə, dərhal həkimə müraciət etməlidirlər.
Bundan başqa, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endakrinoloq və ortoped) daimi nəzarəti altında olmalıdırlar”, - neantoloq suala aydınlıq gətirərkən bildirib.