Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.
Sözügedən layihədə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub.
Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Sonradan onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.
Senatın təxribatçı mövqeyi barədə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov hesab edir ki, Fransa bu qətnamə ilə özü-üzünə quyu qazıb:
“Bu sənəd sadə insan məntiqinə belə söykənmir. Burada məqsəd nə haqq-ədalət, nə davamlı sülh, nə də beynəlxalq hüququn reallaşmasıdır. Əsas məqsəd Fransa Senatında təmsil olunan və bundan sonra orada təmsil olunacaq erməni lobbisinin maraqlarını təmin etməkdir. Bu gün Fransanın bədbəxtliyi ondan ibarətdir ki, o, erməni diasporunun milli maraqlarını özününkü kimi təqdim etməyə başlayıb. Bu, Fransanı Avropa Birliyindən, aparacı ölkə kimi nüfuzundan, beynəlxalq səviyyədə vasitəçilik missiyasından uzaqlaşdırır”.
Komitə sədrinin sözlərinə görə, Fransanı nə Qarabağ, nə də orada yaşayan ermənilər maraqlandırır:
“Bizim əzəli torpağımız olan Qarabağ onları maraqlandırmır. Heç burada yaşayan ermənilər də onları maraqlandırmır. Əsas məqsəd Türkiyəyə qarşı, Azərbaycanın artan nüfuzuna qarşı mübarizə aparmaqdır. Bu addım həm də Avropada erməni lobbisinin nüfuzunun yüksəlməsinə xidmət edir. Onlar virtual Qarabağ sayəsində parlamentdə oturublar. Bununla özlərinə yazıq imici qazanırlar. Bu gün Fransanın ən böyük faciəsi vaxtilə elan etdiyi dəyərlərə xəyanət etməsidir. Yəni Fransa yalnız Azərbaycana yox, öz dəyələrinə də xəyanət edir”.
S.Seyidov hesab edir ki, Fransa erməni lobbisindən istifadə etməyə çalışır:
“Bu gün yüksəlişdə olan Azərbaycan və Türkiyədir. Azərbaycan Prezidenti Albaniyada səfəri zamanı Avropa ilə neft-qaz və digər iqtisadi əlaqələrin ikiqat artdığını dedi. Fransa və Ermənistan məhz buna görə, erməni diasporundan istifadə edərək, yüksəlişimizin hansısa formada qarşısını almaq istəyir. Məncə, onlar ermənilərdən sonuncu kart kimi istifadə edirlər”.